• Fanat
  • 24 İyul 2019 19:41
  •  407

"Arsenal"ın baş məşqçisi: "Neftçi" ilə görüş asan olmayacaq"

"Neftçi" yaxşı komandadır. Onlar Moldovanın "Sperantsa" kollektivini asanlıqla məğlub edib"

Bu fikirləri Rusiyanın "Arsenal" (Tula) komandasının baş məşqçisi İqor Çerevçenko "Neftçi" ilə oyundan öncə mətbuat konfransında deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışan 45 yaşlı mütəxəssis hazırkı vaxtda hər bir komandanın futbol oynamağı bacardığını diqqətə çatdırıb: "Neftçi"nin bir oyunda altı qol vurması yaxşı göstəricidir. Rəqibdə bir neçə legioner var. Onlar güclü komandadır və hər il avrokuboklarda iştirak edirlər. Bu görüş bizim üçün asan olmayacaq".

Məşqçi Tula təmsilçisinin əsas məqsədinin Avropa Liqasının qruplarında çıxış etmək olduğunu bildirib: "Qrupda mübarizə aparmaq üçün görüləsi çox iş var. Bunun çox çətin olacağını başa düşürük".

Qeyd edək ki, iyulun 25-də "Arsenal” mərkəzi stadionunda baş tutacaq "Arsenal" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra "Bakcell Arena"da keçiriləcək. Flaqman I təsnifat mərhələsində Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdırıb - 3:0, 6:0. (Report)