İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev: Festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev: Festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb
  • Fanat
  • 19 Sentyabr 2019 16:45
  •  1 408

İsmayıllıda zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət edən şəxslər evə buraxıldı - YENİLƏNİB

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev: Festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb

İsmayıllı rayonunda kartof sahəsində halı pisləşdiyi üçün xəstəxanaya müraciət edən şəxslər artıq evə buraxılıb.

Bu barədə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, həmin şəxslərə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından xəstəxanadan buraxılıb.

İlkin olaraq hadisənin qida zəhərlənməsi olduğu ehtimal edilir, digər ehtimala görə hadisə günvurma nəticəsində baş verib.

Xəstəxanadan isə dəqiq diaqnozun araşdırma aparılandan sonra açıqlanacağı qeyd olunub.

Qeyd edək ki, İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.

AQTA-dan bildirilib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

“Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, - məlumatda qeyd olunub.

15.16

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ehtimalı ilə bağlı işçi qrupu yaradılıb.

Agentlikdən bildirilib ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Xatırladaq ki, bu gün İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin şəxslərin guya İsmayıllıda keçirilən "Kartof festivalı"nda dönərdən zəhərlənmələri barədə məlumat yaylıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev Trend-ə özəl olaraq bildirib ki, festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb: "İsmayıllıda "Kartof festivalı" sentyabrın 18-də günorta saatlarında başa çatıb. Tədbirdən 1 sutkadan artıq bir vaxt keçib. Xəstəxanaya müraciət isə bu gün olub. Həkimlər də iddia edir ki, bu zəhərlənmə deyil. Çünki zəhərlənmə dərhal özünü göstərir. Bu hadisə günvurmanın əlamətləridir. Həmin şəxslər sahədən gətiriliblər və onlara ilkin olaraq da günvurma diaqnozu qoyulub. Xəstəxanaya müraciət edən şəxslərə tibbi yardım göstərilib, səhhətləri normaldır və artıq evə buraxılıblar".