Nazir Hüseyn Bağırovun ABŞ-da qaldığı ev... – Bir diasporun işini görən adam kimdir?

ABŞ-da elə azərbaycanlılar var ki, sözün əsl mənasında Azərbaycan mədəniyyətinin bu ölkədə təbliğinə ömür sərf edir, fədakarlıq göstərirlər.



AzNews.az xəbər verir ki, onlardan biri də Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondunun rəhbəri Şahyar Danişgərdir. O, ABŞ-ın İndiana Ştatının Bluminqton şəhərində yaşayır, İndiana Universitetində çalışır. Əslən İranın Mərənd şəhərindən olan bu soydaşımız Böyük Azərbaycan sevdası ilə yaşayır. Atası Mirzəvəli Danişgər Pişəvəri hərəkatının fəal üzvlərindən biri olub. Milli mücadilə dövründə zabit kimi döyüşlərdə iştirak edib...

Şahyar müəllim 1974-cü ildə, 20 yaşında olarkən İrandan çıxıb. Almaniyaya gedərək orada kollecə qəbul olunub. Kollec təhsilini başa vurduqdan sonra 1978-ci ildə ABŞ-a köçüb. Bir müddət Nyu-York ştatında yaşayıb. 1980-ci ildə İndiana Ştatına gəlib. İndiana Universitetinə qəbul olaraq, burada ali təhsil alıb, filologiya üzrə elmi dərəcəyə yiyələnib, alimdir.

Məlumat üçün, İndiana Universiteti dünyada yeganə elm ocağıdır ki, burada 72 millətin dili tədris olunur…

***

Şahyar müəllimin elmi işi Azərbaycan atalar məsəllərinin izahı və elmi təsnifatı üzrə olub. Elə o vaxtdan da Azərbaycandan kənarda Azərbaycan mədəniyyətinə xidmət göstərir. O qədər işlər görüb ki, adam heyrətlənməyə bilmir. Ali musiqi təhsili olan, peşəkar musiqiçilərdən və ən başlıcası müxtəlif millətlərin nümayəndələrindən ibarət "İpək yolu" ansamblı yaradaraq, uzun illərdir ki, ABŞ-ın müxtəlif ştatlarında konsertlər verir, Azərbaycan musiqisini təbliğ edir. Evi sanki Azərbaycan milli musiqi alətləri muzeyidir.



Dəfələrlə Azərbaycanın musiqi nümunələrindən ibarət zövqlə qablaşdırılmış bir neçə disk buraxdırıb. Qapağının altında da Azərbaycan mədəniyyətindən, musiqi tarixindən ingilis dilində söhbət açılan kitabçalar. Neçə illərdir ki, o, ərsəyə gətirdiyi həmin diskləri təmənnasız olaraq əcnəbi ziyalılara hədiyyə edir...

***



Azərbaycan dilində Təbriz-Naxçıvan ləhcəsi ilə danışan bu insan, ingilis, alman, fars, ərəb, özbək, türkmən, rus dillərini mükəmməl bilir. Hazırda M.F.Axundovun pyeslərinin ingiliscəyə tərcüməsi ilə məşğuldur, tezliklə həmin pyesləri kitab halında ictimaiyyətə təqdim etməyi düşünür.

***

Ötən əsrin əvvəllərində işıq üzü görən "Molla Nəsrəddin" satirik jurnalının ilk sayından sonuncuyadək bütün saylarını əldə edib. Həmin jurnallardakı karikaturaların üzərindəki sözləri ingiliscəyə tərcümə edərək albom-kitab çıxarmağı planlaşdırır. İngilisdilli tələbələrə Azərbaycan-Türk dillərini tədris etməkdən ötrü yeni dərslik kitab ərsəyə gətirmək istəyir…



2003-cü ildə ABŞ-da yaşayan bir neçə azərbaycanlı soydaşımızla Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondunu yaradaraq xeyli işlər görən Şahyar müəllim DAK-ın Los Angiles ştatında keçirilən qurultayına Amerikada yaşayan azərbaycanlı soydaşlarımızın cəlb olunmasında böyük fəallıq göstərib…

Evində çox insanlar qonaq olub. Tanınan musiqiçilərdən Alim Qasımov, Çingiz Sadıqov, Munis Şərifov, Rəhman Əsədullahi, Cavid Təbrizli, alimlərdən Cavad Heyət, Doktor Ənsari, şairlərdən xalq şairi Fikrət Qoca, Türkmənistanlı şair İlyas Malayev və s. Deyir ki, indi Ekologiya və Təbii Sərvətlər naziri işləyən Hüseynqulu Bağırov nazir təyin olunmamışdan bir müddət əvvəl İndiana Universitetində ezamiyyətdə olarkən daha xoş təəssürat yaradan qonaqlarından olub. Çox savadlı və intellektual ziyalı olduğunu xüsusi vurğulayaraq onu həmişə xatırladığını söyləyir...



***

Axırıncı görüşümüz Bluminqton şəhərinin rəsm qalereyasında oldu. Bura bir növ həm də auksionu xatırladırdı. Nümayiş etdirilən rəsmlər satışa çıxarılır, şəhərin elit təbəqəsinin nümayəndələri onları qiymətləndirir, daha çox pul verən isə istədiyi rəsmə yiyələnə bilirdi. Şahyar müəllim isə bu fürsətdən Azərbaycan musiqisinin təbliği naminə istifadə edərək, rəhbəri olduğu "İpək yolu" ansamblının İndiana Universitetinin incəsənət sarayında verəcəyi konsertə dəvətnamələr paylayırdı. Azərbaycan musiqilərindən ibarət bu konsert iyulun 23-də Ohaya ştatında, 24-də isə Bluminqton şəhərində keçiriləcək…

ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində Azərbaycandan gələcək hər bir adamın üzünə qapıları açıq olan bir ev var- Bütöv Azərbaycan sevdalısı Şahyar Danişgərin evi…



Elman Eldaroğlu,
ABŞ, İndiana