Yeni nazir işçilərə tapşırıq verdi - “Şəxsən evlərinə aparın”

Kənd təsərrüfatı naziri İnam Kərimov Ucar rayonunda Nazirliyin dəstəyi ilə tikilməkdə olan Ucar Pambıq Emalı Zavodu ilə tanış olub.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, zavodun illik emal gücü 40 min ton olacaq. Burada eyni zamanda 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsalı üçün müəssisələrin tikintisi və avadanlıqla təchiz olunması tədbirləri həyata keçirilir. İlin sonuna qədər zavodda işlərin yekunlaşdırılması və tam gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulur. Nazir eyni zamanda “Aqrolizinq”ASC-nin Ucar Təchizat Bazasında olaraq, orada olan texnikaların mövcud vəziyyəti və lizinq yolu ilə məhsul istehsalçılarına verilməsi prosesi ilə tanış olub.

İ.Kərimov tikintinin gedişi ilə tanış edilib, tapşırıq və tövsiyələrini verib. Tikintidə çalışan Çin mütəxəssisi inşa olunan Ucar Pambıq Emalı Zavodunun 80%-nin montaj və qurğularının quraşdırıldığını və yaxın günlərdə binanın tam istifadəyə veriləcəyini söyləyib.

Daha sonra İ.Kərimov Ucar rayonunun rayonlararası təchizat bazasında olub, bazada lizinq yolu ilə fermer və sahibkarlara verilən kənd təsərrüfatı texnikalarına baxış keçirib. O, həmçinin bazada gübrə ambarında saxlanılan mineral gübrələrin keyfiyyəti ilə də maraqlanıb.

Nazir təchizat bazasında bir qrup mexanizatorla görüşüb onların problemləri ilə maraqlanıb və qarşılarına çıxan çətinliklərin aradan qaldırılması üçün onların təkliflərini dinləyib.

İ.Kərimov aqrolizinq tərəfindən keçirilən səyyar müşavirələr, toplantılar və ya iclaslarda bölgələrdən fermerlərin dəvət olunmasını və onların istək və arzularını nəzərə alaraq, operativ tədbir görülməsi barədə nazirliyin müvafiq qurumlarına tapşırıq verib.

Kənd təsərrüfatı naziri Qax rayonunda kümçülərlə görüşüb. Görüşdən əvvəl nazir fermerlərin tütün şitillərini sahəyə köçürməsi prosesi ilə tanış olub və tütünçülərin qayğıları ilə maraqlanıb. Daha sonra nazir ipəkqurdunun paylanması prosesində iştirak edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər barama istehsalının 6000 tona çatdırılması nəzərdə tutulub.

İ.Kərimov qeyd edib ki, dövlət başçısının tapşırıqlarının icrası ilə əlaqədar nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama istehsal olunub və baramaçılığın yem bazasının formalaşdırılması məqsədilə 2.5 milyon tut (çəkil) tingləri tədarük olunaraq, baramaçılıq rayonlarında Çin texnologiyası əsasında intensiv bağlar salınıb. Proqramın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb və cari ildə Çindən müqavilə əsasında 13000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb. Respublikamızın iqlim şəraiti nəzərə alınaraq, toxumlar iki mərhələdə ölkəmizə gətirilib.

Bu gün ikinci mərhələdə inkubasiyadan çıxmış 6000 qutu ipəkqurdu dağlıq və dağətəyi zonada yerləşən 15 rayonun kümçülərinə əvəzsiz olaraq paylanıb. Bu il ölkəmizdə 450-500 ton yaş barama istehsalı nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 2 dəfə çoxdur.

İ.Kərimov ipəkqurdu qutularını təqdim edərkən nazirliyin kənd təsarufatı idarələrinin nümayəndələrinə tapşırıb ki, qutuları kümçülərin evlərinə şəxsən aparıb təhvil versinlər, onları idarəyə dəvət etməsinlər və istənilən ünvana çatdırsınlar:

“Kənd Təssərrüfatı Nazirliyinin hər bir nümayəndəsi fermer və sahibkarlarımızı dinləməyi bacarmalı və onların qayğısına qalmalıdır”.