Nərimanovda Konstitusiya Günü qeyd olundu - Fotolar

Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

AzNews.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, tələbə və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Azərbaycan Respublikası Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışaraq, dövlət quruculuğunda, ölkəmizin iqtisadi və ictimai-siyasi həyatında dinamik inkişafa güclü təkan verən bu mühüm tarixi hadisənin mərhum prezident Heydər Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu xatırladıb.

Ş.İbadov Azərbaycanın müstəqilliyinin bərpa olunduqdan sonra ölkədə aparılan siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan, bu işlərin uğurla aparılmasında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 20 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib.

Natiq, Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu Öndərimizin banisi olduğu Konstitusiyamızın bugünkü sabitliyimizin, dövlət müstəqilliyimizin qarantı olduğunu xüsusilə qeyd edib, hər bir vətəndaşın bunu yüksək dəyərləndirməsi və Konstitusiyada təsbit olunmuş hüquqlardan yararlanaraq öz vəzifələrini layiqincə yerinə yetirməsinin zəruriliyini bildirib.

Tədbirdə - YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Tamerlan Əkbərov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova, Azərbaycan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Əli Həsənov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü İsmayıl İsmayılov və digərləri də çıxış edib.

Onlar respublikada son illərdə dövlət başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkənin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.

Tədbirə qatılan gənclərə "Azərbaycan Respublikasının Konstitusiyası" kitabları və xatirə hədiyyələri təqdim olunub.