Şagirdin bıçaqlanmasının təfərrüatları - Direktor danışdı (Yenilənib)

Bu gün Binə qəsəbəsində yerləşən 136 saylı R.M.Sadıqov adına orta məktəbdə baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.


AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə şagirdlərin bir-birinin valideynlərini söyməsinə görə baş verib. Bildirilir ki, hadisəni törədən 8-ci sinif şagirdi Əli bir neçə il öncə anasını itirib. Sinif yoldaşı İlkin isə dünən aralarında yaranmış mübahisə zəminində Əliyə "ana söyüşü" söyüb. Bundan qəzəblənən Əli bu gün dərsə gələn kimi söyüşə üç bıçaq zərbəsi ilə cavab verib.

Hadisədən sonra məktəbin idman müəllimi Mübariz tərəfindən Sabunçu rayon xəstəxanasında çatırılan İlkin dərhal əməliyyat olunub.

Redaksiyaya daxil olan digər məlumata görə, ötən ilin sentyabrında 136 saylı məktəbə direktor təyin olunmuş Yaqut Paşa qızı Məmmədova baş vermiş hadisənin üstünü ört-bastır etmək, məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif cəhdlər göstərir.

İlk növbədə cinayət işlətmiş şagirdə izahatında hadisənin sinif otağında deyil, məktəbin həyətində baş verdiyini yazması tapşırılıb.

Əlavə olaraq bildirilir ki, xəbər yayılandan sonra məktəbə yollanan televiziya əməkdaşlarına çəkiliş aparmağa da icazə verilməyib.


Direktorun belə canfəşanlıq etməsinin səbəbinə gəlincə, bunu məktəbdə bir neçə dəfə buna bənzər hadisələrin törədilməsiylə əlaqələndirirlər.

Məktəbdəki qanlı hadisə barədə məlumatı BURADAN oxuya bilərsiniz.

16:39
***

Məktəbin direktoru Yaqut Məmmədova hadisə ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, hadisə dərs saatından əvvəl olub və ona yönəlik ittihamların heç bir əsası yoxdur: "Dərs saatından əvvəl baş verən hadisəyə görə biz məsuliyyət daşımırıq. Mən 7:30-da işə gələndə artıq hadisə baş vermişdi. Məsələ ilə bağlə aidiyyəti qurumlara da mən məlumat vermişəm. Heç bir məktəb direktoru belə hadisələrdən siğortalanmayıb. Təəssüf ki, yeniyetmələr arasında neqativ halların baş verməsi qaçılmazdır. Ümumilikdə götürəndə isə məktəbimizdə nizam-intizam qaydalarına yüksək səviyyədə əməl olunur, şagirdlərin təlim-təhsil prosesinə ciddi nəzarət var. Mən buraya direktor təyin olunandan sonra bu məsələlərə daha çox diqqət yetirirəm və dəyişiklik göz önündədir. Hesab edirəm ki, belə neqativ məlumatlar bizim bu işimizə mane olmaq istəyənlər tərəfindən yayılıb".

Direktorun sözlərinə görə o, yaralanmış şagirdin səhhəti ilə vaxtaşırı maraqlanır və onun vəziyyəti normaldır.