Restoranda atılan güllə ABŞ diplomatının - Maşınına dəydi

ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın maşınına güllə dəyib.


Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev dedi.

"Biz ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın maşınına qəfildən güllənin dəyməsini təsdiq edirik. Səfir müavini maşınını hadisənin baş verdiyi restoranın yaxınlığında saxlayıb. Amma insident baş verən an nə cənab Hoqan, nə də səfirlikdən heç kim maşında olmadığından hadisə nəticəsində heç kim xəsarət almayıb", - deyə qurum rəsmisi bildirdi.

Ötən gün Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən kafelərdən birində qanlı insident qeydə alınıb. Əraziyə cəlb edilən polis və prokurorluq orqanları əməkdaşları hadisə yerindən 5 giliz tapıblar. Hüquq-mühafizə orqanı əməkdaşları həmin boş patronların "Winchester" markalı odlu silaha aid olduğunu bildiriblər.

Obyektin həyətində başlayan atışma Badamdar şosesinə kimi davam edib. Açılan atəş nəticəsində iki nəfərin yaralandığı deyilir. Daha sonra hadisə iştirakçıları maşınla ərazini tərk ediblər.

"Sputnik" agentliyinin Səbail rayon polis idarəsindən əldə etdiyi məlumata görə, atışmanın iri məbləğdə pul üstündə baş verdiyi ehtimal edilir. Məlumata görə, iki nəfər arasında iri məbləğdə borc üstündə yaranmış mübahisə silah tətbiqi ilə nəticələnib. Tərəflərdən biri - Samir adlı şəxs əvvəlcədən "razborka"ya silahlı gəlib və mübahisə zamanı silahını çıxararaq atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır.

Silahlı insidentin iştirakçıları yaralıları özləri Nərimanov rayonundakı City Hospital-a aparıblar. Lakin Bakı şəhər Baş polis idarəsi insidentdən Nərimanov polisindəki həmkarları vasitəsilə xəbər tutub. Polislər klinikanı əhatəyə alıblar və yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Məlum olub ki, onlardan biri Astara sakini Fərid Əkbərov (1980-ci il təvəllüdlü) və Bakı sakini Süleyman Abdullayevdir (1986-cı il təvəllüdlü).

Münaqişə iştirakçıları, üstəlik restoranın sahibi faktı gizlətmək istəyərək polisə bu haqda məlumat verməyiblər. Lakin məlum olub ki, Səbail rayon polis idarəsi insidentdən dərhal xəbər tutub.

anspress.com