Daha iki aksiyaçıya cərimə kəsildi

Yanvarın 28-də Nəsimi Rayon Məhkəməsində ötən şənbə Bakının Sahil bağında keçirilmiş aksiya zamanı saxlanan Müsavat Gənclər Təşkilatının üzvü Nərgiz Yaqublu və "NİDA" Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının məhkəməsi keçirilib. "Media forum" saytına açıqlama verən Nərgiz Yaqublu deyib ki, o, 500 manat, Zaur Qurbanlı 550 manat məbləğində cərimələnib.

Nərgiz Yaqublu bildirib ki, polis onu müsahibə verərkən saxlayıb: "Məhkəməyə şahid qismində gələn polis əməkdaşı Altay Mahmudov məni fəallıq edərkən, şüar qışqırarkən saxladığını söylədi. Amma mən həmin vaxt jurnalistlərə müsahibə verirdim. Bunu məhkəmədə də söylədim. Polis əməkdaşı dedi ki, onlar əvvəlcədən müşahidə aparıblar və fəallıq edənləri diqqətdə saxlayıblar, daha sonra fürsət olduqca fəalları tutublar. Polislər öz dilləri ilə bizi izlədiklərini etiraf etdilər. Söz azadlığı isə bizim haqqımızdır və biz bunun üçün hər zaman mübarizə aparacağıq".

Yanvarın 26-da Bakının Sahil bağında və ətraf ərazilərdə "Silahı üstümüzdən çəkin" şüarlı aksiya keçirilib. Fəallar İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına qarşı çıxıb. Polis aksiyanın qarşısını alıb, həbslər aparıb.