İntihar edən şairin oğlu danışdı: “Üzərində dərman gəzdirirdi”

“Atamın ürəyində şiddətli ağrılar vardı.”

Bunu AzNews.az-a açıqlamasında bir neçə gün öncə intihar edən şair Niyaz Əsgərovun oğlu Fərəc Əsgərov bildirib.

Onun sözlərinə görə, mərhum Niyaz Əsgərovun intihar etməsinə səbəb də məhz ürək ağrılarıdır:

“Ürəyi ona aman vermirdi, şiddətli ağrıları vardı. Üzərində həmişə dərman gəzdirirdi. Müalicə üçün İrana getməyi planlaşdırmışdı. Bilmirəm, hansı səbəbdənsə getmədi.”

Fərəc Əsgərov qeyd edib ki, atasının imkanlı şəxs olduğu haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Atam il yarım bundan əvvəl işdən çıxıb. Mən Ukraynada yaşayıram. Ailənin bütün dolanışığı mənim üzərimdədir. Atam deyildiyi kimi zəngin deyildi. Onun 7 yerdə evi yoxdur. Bakıda ailəsi ilə birlikdə 4 otaqlı mənzildə yaşayırdı.”

Aprelin 24-də Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Rayonun Sabirabad kənd sakini şair Niyaz Əsgərov özünü evində yarımçıq tikilidə asıb.

Bahar RÜSTƏMLİ

AzNews.az