Maskalı şəxslər evə basqın etdi

Zaqatalada evə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 8-də Zaqatala Rayon Polis Şöbəsinə rayonun Muxax kəndindəki evlərdən birindən soyğunçuluq edilməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, təxirəsalınmaz tədbirlər görülüb.

Məlum olub ki, həmin gün saat 4 radələrində mənzilə pəncərədən girmiş maskalı şəxslər ev sahibəsinə və onun azyaşlı nəvəsinə zor tətbiq edib oradan gümüş və geyim əşyaları aparıblar.

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Vasif Məmmədvəliyev, Beyləqan rayon sakini Elməddin Abbasov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Etimad Xankişiyev tutulublar.

Araşdırmalarla Vasif Məmmədəliyevin və Elməddin Abbasovun daha bir cinayət əməli üzə çıxıb.

Belə ki, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il iyunun 6-da rayon ərazisindəki daha bir evdən pul və qızıl əşyalar oğurlamaları müəyyən edilib.

AzNews.az