İslam Partiyası sədrinin kassasiya şikayəti təmin edilmədi

Fevralın 21-də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun kassasiya şikayətinə baxılıb. Vəkil Anar Qasımlı "Media forum"a bildirib ki, Ali Məhkəmə şikayəti təmin etməyib: "Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qaldı".

Bakı Ağır Cinayətlər Məhkəməsi 2011-ci il oktyabrın 7-də Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova 12 iş kəsib. O, Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.

Bakı Apellyasiya Məhkəməsi 2012-ci il mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

AzNews.az