Müdafiə Nazirliyi Yaşar Cəfərlini şoumen adlandırdı

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi martın 9-da müdafiə naziri Səfər Əbiyevin evi qarşısında hərbi qulluqçuların hüquqlarının bərpası ilə bağlı məhkəmə qərarlarının icra olunmamasına etiraz məqsədilə aksiya keçirəcəyini bəyan edib.

Modern.az saytı bununla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənib. Nazirliyin Tərbiyə İşləri İdarəsinin rəisi general- mayor Vaqif Məmmədov məsələyə belə münasibət bildirib. Generalın açıqlamasını təqdim edirik:

"Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində və internet səhifələrində "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli öz ənənəsinə sadiq qalaraq xəstə təxəyyülü ilə etiraz aksiyası keçirmək eşqinə düşüb. Müəllifi olduğu şouya ordunun rəhbər vəzifəli şəxslərini də dəvət etməklə Yaşar Cəfərli bir daha öz çirkin niyyətini ortaya qoyub. Bəzi düşmən qüvvələrin məlum ssenarisi əsasında onun gündəmə gətirdiyi təxribat xarakterli bu addımı nəinki normal məntiqə sığmır, hətta istər dövlətçilik, istərsə də Ordu quruculuğu işinə qarşı yönəlmiş əsl dövləti xəyanətdir.

Bu qüvvələrin əsl ünvanına yaxından bələd olanlar, son dövrlər Y.Cəfərlinin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin, əslində, onların bu yolla ölkədəki sabit vəziyyəti pozmağa, Müdafiə Nazirliyi sistemində öz şəxsi maraqlarını reallaşdırmağa və monopolik təsir dairəsini genişləndirməyə xidmət etdiyini yaxşı anlayırlar. Məqsəd aydındır: Y.Cəfərlidən bir vasitə kimi istifadə etməklə adı çəkilən güc strukturunun gündən-günə artan nüfuzunu kölgə altına almaq və bu yolla Müdafiə Nazirliyini milli maraqlarımızın təminatçısı rolundan yayındırıb ayrı-ayrı qüvvələrin şəxsi gəlir mənbəyinə çevirmək! Bu niyyətlə baş verən hər bir olayı qəsdən milli dəyərlərimizlə əlaqələndirməklə öz sözlərini Y.Cəfərlinin vasitəsi ilə ictimaiyyətə çatdıran bu qüvvələr həyata keçirdikləri çirkin kampaniyanın dövlətə və dövlətçiliyimizə qarşı atılmış bir addım olduğunu əvvəl-axır dərk eləməlidirlər".

AzNews.az