Zaqatalada yol qəzası: 2 nəfər ölüb

Yevlax-Zaqatala-Gürcüstan magistiral yolda baş verən ağır yol qəzasında iki nəfər ölüb


Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən məlumat verilib. Məlumata görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində baş verib. 1981-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Bayramov Şahin Elman oğlunun idarə etdiyi "VAZ 21015" markalı, 90 ME 276 nişan dövlət nömrəli avtomobillə 1982-ci il təvəllüdlü, Qəbələ rayon sakini Qocayev Nizami Abdusalam oğlunun idarə etdiyi "İnfininti"markalı 90 HG 515 nişan nömrəli avtomobil qarşi-qarşiya toqquşub.

Baş vermiş ağır yol qəzası nəticəsində "VAZ 21015" markalı avtomobilin sürücüsü Şahin Bayramov və "İnfiniti" markalı avtomobildə olan sərnişin, sürücü Nizami Qocayevin anası 1960-cı il təvəllüdlü Qocayeva Firəngiz Nuralı qızı aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Fakla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, Şahin Bayramov "Kapitalbank"ASC-nin Zaqatala rayon filialının əməkdaşı olub.

AzNews.az