13 yaşında ana olan məktəbliylə cinsi əlaqədə olan əmisioğludur

Tərəflər şikayətçi olmadığına görə cinayət işi açılmayıb



Zərdab rayonunun Alıcanlı kəndində 13 yaşlı qızın dünyaya uşaq gətirməsi faktı ciddi müzakirə edilsə də hələ ki, cəzalanan iki nəfər var: Ana və Alicanlı kənd orta məktəbinin direktoru.

Rayon təhsil şöbəsinin Təhsil Nazirliyinə müraciətindən sonra təlimata əsasən məktəbli təhsildən kənarlaşdırılıb və sözügedən məktəbin direktoruna töhmət verilib. Bəs, Azərbaycan qanunvericiliyi bu qızı erkən yaşında hamilə buraxan şəxsə niyə şamil edilməyib?

Zərdab Rayon Polis Şöbəsinin baş müstəntiqi Məsud Rəhimov AzNews.az-a açıqlamasında bildirdi ki, cinayət işi zorlama hadisəsi olanda açılır: "Əslində bu hadisə Alıcanlı kəndində 9 ay bundan əvvəl baş verib. Məktəbli 9 ay bətnində körpəsini daşıyıb. Bu müddət ərzində nə ana, nə ata, nə qohum-əqraba, nə də təhsil aldığı məktəbin direktoru rüsvayçı olayla bağlı heç bir məlumat verməyib. Tərəflər hadisəni bildiyi halda hüquq-mühafizə orqanlarından gizlin saxlayıb. Nəhayyət, bağırsaq dolaşması xəstəliyi ilə məktəbli ana Zərdab Rayon Xəstəxanasına müraciət edib. Həkim müayinəsindən sonra onun hamilə olduğu bilinib. O dərhal rayon xəstəxanasının doğum şöbəsinə yerləşdirilib və körpəsini də burada dünyaya gətirib.

Bundan sonra isə baş vermiş olayla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırılma başlanılıb və o bu günə kimi davam edir. Araşdırılma zamanı məlum olub ki, həmin məktəblinin uşağı öz əmisi öğlundandır. Əgər onlar vaxtında zorlama ilə bağlı polisə müraciət etsəydilər, bununla bağlı cinayət işi açılardı. Əksinə, onlar hadisəni polisdən gizlədib, ona görə də heç bir cinayət işi açılmayıb".

Baş müstəntiq onu da əlavə etdi ki, uşaq tərəflərin razılığı nəticəsində uşaq evinə verildi.

Bahar Rüstəmli
AzNews.az