Ramil Usubov Roland Kobianı qəbul edib

İyunun 7-də daxili işlər naziri Ramil Usubov Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir onun diplomatik fəaliyyəti dövründə Azərbaycanın Avropa Birliyi və bu mötəbər beynəlxalq quruma daxil olan dövlətlərlə əməkdaşlığının daha da genişləndiyini qeyd edib, bu işdə cənab Kobianın rolunu xüsusi vurğulayıb.

Daxili işlər naziri ölkədə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində köklü demokratik və hüquqi islahatların həyata keçirildiyini, dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşməsi prosesinin uğurla davam etdiyini bildirib.

Roland Kobia qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, diplomatik fəaliyyəti dövründə bir sıra ölkələrdə olduğunu, respublikamızda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xüsusi qeyd edib, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirib.

AzNews.az