Mingəçevirdə qəza: 5 yaralı

Mingəçevirdə iki "VAZ 2106" toqquşub, 5 nəfər xəsarət alıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, iyulun 16-da Mingəçevir şəhərinin Heydər Əliyev prospektində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi ərazisində 5 nəfərin xəsarət alınması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Mingəçevirin şərq istiqamətindən şəhərə doğru hərəkət edən Mingəçevir şəhər Günəşli yaşayış massivinin sakini, 1989-cu il təvəllüdlü Quliyev Ruslan Xanış oğlunun idarə etdiyi "45-BA-823" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə 1982-ci il təvəllüdlü Rzayev Mahir Yusif oğlunun idarə etdiyi "34-BA-939" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil toqquşub.

Nəticədə "45-BA-823" dövlət nömrə nişanlı avtomobilin sürücüsü Quliyev Ruslan, onun sərnişini Təhməzov Müşfiq Hilal oğlu və digər avtomobilin sərnişinləri Cəbrayılov Rusif Yusif oğlu, sürücünün həyat yoldaşı Rzayeva Ceyhunə Atamoğlan qızı və onun oğlu 2005-ci ilə təvəllüdlü Rzayev Mahir İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Mingəçevir mərkəzi şəhər xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, hadisə zamanı avtomobillərdən birinin sürücüsü Mahir Rzayev heç bir xəsarət almayıb. Mingəçevir Dövlət Yol Polisi Bolməsinin inspektoru, polis kapitanı Abbas Şərifovun verdiyi məlumata görə, hadisə baş verən zaman sürücü Mahir Rzayev sərxoş vəziyyətdə olub və hadisə də məhz bu səbəbdən baş verib.

Qəzanın dəqiq səbəbləri Mingəçevir Şəhər Polis Şöbəsində aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

AzNews.az