Azərbaycan elminə ağır itki üz verdi

Görkəmli Azərbaycan alimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru Seyran Vəliyev ömrünün 63-cü ilində vəfat edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, Seyran Vəliyev 1950-ci il dekabrın 16-da Rusiya Federasiyasının İrkutsk vilayətində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib.

S.Vəliyev Azərbaycan ərazisinin Dördüncü dövrdəki paleocoğrafi şəraiti, Xəzər dənizinin Dördüncü dövrdəki paleocoğrafi və paleoekoloji şəraiti, Azıx mağarasında paleolit insanların məskunlaşması, Xəzər dənizinin səviyyə tərəddüdləri, Azərbaycan ərazisinin Dördüncü dövrdəki iqlim dəyişmələri haqqında geniş tədqiqat işləri aparıb.

Bütün bu tədqiqatların nəticəsi olaraq 1994-cü ildə "Son pleystosen və Holosendə Azərbaycan və ona bitişik ərazilərinin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiya müdafiə edib. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 600-dən çox məqalənin, "Qədimdən qədim" kitabının müəllifidir.

AzNews.az