Sabah Əvəz Zeynallının məhkəməsi olacaq

Sabah saat 11.30-da Nərimanov rayon Məhkəməsində fəaliyyəti dayandırılmış "Xural" qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya hakim Məzahir Sadıqov tərəfindən baxılacaq.

Bundan əvvəlki məhkəmə iclasında Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiklərindən proses avqustun 13-dək təxirə salınıb.

Xatırladaq ki, 9 il həbs cəzasına məhkum olunmuş baş redaktor məhz bu məhkəmə prosesinə görə bir müddət əvvəl 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, 2 il əvvəl "Xural" qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baxmaqdan imtina edib və iddiaçı "Xural" qəzeti Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarlarını yetərli əsasların olmaması səbəbilə ləğv edərək, işi yenidən birinci instansiya məhkəməsinə - Nərimanov Rayon Məhkəməsinə göndərib. Bu il iyulun 23-də Nərimanov rayon Məhkəməsinin hakimi M.Sadıxovun sədrliyilə keçirilən iclasda Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiyindən işə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Hazırda həbsdə saxlanılan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə iştirakı təmin olunub./qafqazinfo/

AzNews.az