Baş redaktorun apellyasiya şikayətinə bu gün baxılacaq



Bu gün Bakı Apellyasiya Məhkəməsində "P.S Nota" qəzetinin və portalının baş redaktoru Sərdar Əlibəylinin həbsindən apellyasiya şikayətinə baxılacaq.

Bu barədə məlumatı AzNews.az-a S. Əlibəylinin vəkili Elçin Sadıqov verib. S.Əlibəyli 221.3-cü maddə (silah və əşyalardan istifadə olunmaqla xuliqanlıq) üzrə ittiham olunur. Maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. İş materiallarına görə, S.Əlibəyli iyulun 29-da axşam saat 21:00-a yaxın Xətai rayonunun ərazisindəki 260 saylı məktəbin yaxınlığında Namiq Əmirov adlı şəxslə mübahisə edib. Dava zamanı S.Əlibəyli N.Əmirovu daşla vurub. Vəkilin sözlərinə görə, müdafiə tərəfi Xətai məhkəməsində həbsdən şikayət verib. Vəkillər onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etsələr də vəsatət təmin edilməyib. Buna görə də müdafiə tərəfi apellyasiya şikayəti verib.

Elnur
AzNews.az