“İbrahimbəyov dünya şöhrətli şəxsdir“

Şamaxıdan olan sabiq müsavatçı deputat Şirzad Əyyub əslən bu rayondan olan kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin verilməsindən, Şamaxı sakinlərinin buna münasibətindən danışıb. Modern.az saytına açıqlama verən Ş.Əyyubov deputat olduğu dönəmdə R.İbrahimbəyovla bir dəfə də görüşmədiyini bildirib.

İbrahimbəyovun namizədliyini müsbət qarşıladığını deyən sabiq millət vəkili Şamaxı sakinlərinin onu yaxından tanımadığını deyib:

"Azərbaycanda seçkiqabağı siyasətdə passivlik hökm sürür. Vaxtilə Şamaxının deputatı olsam da, Rüstəm İbrahimbəyovla bir dəfə də rastlaşmamışam, görüşməmişəm. Onu qiyabi olaraq tanıyıram. Şamaxı əhalisi nəinki Rüstəm İbrahimbəyovu, bütün layiqli namizədləri dəstəkləyəcək. Təbii ki, namizədliyini vermək onun hüququdur. Rüstəm İbrahimbəyovu yəqin şamaxılılar da mənim kimi uzaqdan tanıyarlar. Çünki o, Şamaxıda yaşamayıb. Bəzi kəsimlərdə Rüstəm İbrahimbəyova qarşı bir aqressivlik var, namizədliyinin verilməsini istəmirlər. İbrahimbəyov dünya şöhrətli şəxsdir, ona qarşı belə rəftar eləmək olmaz"-deyə Ş.Əyyub qeyd edib.

Şamaxının eks-deputatının fikrincə, İbrahimbəyov dünya şöhrətli şəxsiyyət olsa da, seçkilərdə qalib gələ bilməyəcək.

"Ona da şərait yaradılmalıdır ki, seçkilərdə iştirak etsin. Amma indiki durumda Rüstəm İbrahimbəyovun qalib gəlmək şansı yoxdur. Bu cür passivliklə qalibiyyət mümkün olan məsələ deyil. İbrahimbəyovun qalib gəlməsi möcüzə sayəsində baş verə bilər".

AzNews.az