Sevinc Babayevanın sensasion məktubu - MƏTN

Ötən il dekabrın 26-da İstanbulda dünyasını dəyişən, "Gülərgeyt qalmaqalı"nda adı hallanan Sevinc Babayevanın sensasion məktubunu üzə çıxıb.

"Hörmətli prokuror!

Mən məlum hadisənin təsirindən, Elşad və Elsevər Abdullayevlər qardaşlarının qorxusundan Vətəni tərk etmək məcburiyyətində qaldım. Hadisələr onsuz da zəif olan səhhətimi bir az da ağırlaşdırdı. Nəzərinizə çatdırıram ki, bu ilin iyun-iyul aylarında Neftçilərdə və Gömrük xəstəxanalarında uzun müddət infarkt diaqnozu ilə müalicə almışam. İndi həmin xəstəlik yenidən baş qaldırıb. Və mən yataq xəstəsiyəm. Bütün bunlara baxmayaraq mən istintaqa öz köməkliyimi göstərmək istəyirəm. Ona görə də Sizə müraciət etmək qərarına gəldim. Məni 1997-ci ildə Elşad Abdullayevlə qardaşı Mahir Abdullayev tanış edib. O illərdə mən Ali Sovetdə qəzet müxbiri kimi çalışırdım. Elşadın mənimlə tanış olmaqda məqsədi o zamanlar Ali Sovetin bir sıra deputatları ilə mənim vasitəmlə tanış olmaq istəyi idi. Beləcə onunla mənim aramda vasitə yarandı. O zamanlar San-Marino adlanan universitet var idi. Familiyasını bilmədiyim Əhmədxan adlı bir şəxs universitet rektoru idi. Xatırladım ki, o vaxtlar E.Abdullayev müxalifət qəzetlərində çalışırdı. Sonralar E.Abdullayev qaynatası Hüseyn Əhmədovun (cümlənin əvvəlindən bu hissəsinə qədərki bölümünün üzərindən xətt çəkilib və üzərində əl yazısı ilə "və San Marino Universitetini" sözləri yazılıb) birbaşa köməkliyi ilə universiteti ələ keçirib adını ABU qoydu. Və ətrafına etibarlı adamlarını yığıb işləməyə başladı. Məni də həmçinin öz yanına dəvət etdi. Onun sözünə inandım. Xeyli müddət birgə çalışdıq. Sonradan mənə məlum oldu ki, əslində bu universitetə tələbə qəbulu heçdə qanuni getmirmiş. Məndə bilmədən bu oyunun qurbanı oldum. Aldadılmış tələbələr qapıma dayandı. Onlar pullarını tələb etdikdə mən E.Abdullayevə müraciət etdim. O isə məni hədələdi. Və dedi ki, get nə istəyirsənsə et. Digər tərəfdən tələbələrin valideynləri mənim haqqımda şikayət edəcəklərini bildirdikdə mən məcbur olub evimi və özümə məxsus qızıl-zinyət əşyalarımı dəyər-dəyməzinə satdım. Bir neçə dəfə cəhd etdim ki, Elşaddan pullarımı alım. Amma alınmadı. Sonradan eşitdim ki, bir qrup tələbə və valideynlər o dövrdə deputat olan Gülər Əhmədovaya bu işlə bağlı müraciət edib, kömək istəyiblər. Məndə bir neçə tədbirlərdə G.Əhmədova ilə birgə iştirak edib münasibət yaratmışdım. Düzdü bu münasibət çox dərin olmasada Gülər xanım məni tanıyırdı. Fikirləşdim ki, mən də Gülər xanıma müraciət etsəm, bəlkə pulumu geri qaytara bilim. O məqsədlə Gülər xanımın yanına gəldim, dərdimi ona danışdım. Gülər xanım mənə bildirdi ki, 10-larla tələbə elə bu işlə bağlı mənə müraciət edib. Elşadın yanına gedib bütün bu məsələləri həll etmək lazımdır. Biz birlikdə Elşadla söhbət etməyə getdik. O söhbətdə Gülər xanım Elşaddan təkidlə tələbələrdən aldığı pulları geri qaytarmağı tələb edirdi. Yadımdadır ki, Gülər xanım E.Abdullayevə bildirdi ki, sən deputatlığa namizədliyini vermisən. Əgər deputat olmaq istəyirsənsə ən birinci tələbələrin pullarını qaytarıb öz hörmətini xalq arasında və yuxarı strukturlarda göstərməlisən. Əks halda sən deputat siyahısına düşə bilməzsən. İndi mən bu videoyazıya baxanda və bizim etdiyimiz söhbətin nə qədər dəyişdirildiyini görəndə dəhşətə gəlirəm. Mən E.Abdullayevin necə alçaq olduğunu bilirdim. Elə onun bu qədər şərəfsizlik edib o söhbətin bu cür dəyişdirərək ictimaiyyətə yaymağınada təəccüblənmədim. Çünki o çox anaları gözü yaşlı qoyub. Evindən didərgin saldığı müəllimlər hələdə kirayədə yaşayır. İntihar edən neçə-neçə insanlar var. O əgər bütün bunları edibsə, bu videomontaj onun üçün heç nədir.

Mən əminliklə deyirəm ki, bu videoyazı başdan-ayağa montaj və cəfəngiyyatdır. O ki qaldı, mənim Vətənə geri dönməyimə, mən hələdə Elsevərin prokurorluqda işlədiyini bilirəm. Və mənim onunla köhnə ədavətinin olduğunu nəzərə alsaq (2 dəfə xitama getmiş Abşeronda torpaqla bağlı cinayət işinin mənim əleyhimə yenidən qaldırılmasıda buna sübutdur. Nəzərə alaq ki, bu cinayət işidə o zamanlar Elsevərin sifarişi ilə təşkil olunmuşdu). G.Əhmədovanın və onun ərinin işdən çıxarıldığını, uşaqlarına cinayət işinin açıldığını nəzərə alsaq məni Vətəndə nəyin gözlədiyini başa düşür və qorxuram. Hər gün mətbuatda gedən yazılar mənim qorxumun üzərinə birazda qorxu əlavə edir. Mən yuxarıda qeyd etdim ki, ağır ürək xəstəsiyəm. Bilirəm ki, mənə qarşı hər hansı bir tədbir görülsə ürəyim buna dözməyəcək. Ümidvaram ki, yazdıqlarım istintaqın gedişində Sizə müəyyən mənada nəsə kömək ola bilər. Çox istərdim ki, Vətəndə olam və Sizə köməklik edəm. Amma mən bu addımı atmağa cəsarət etmirəm. Xahiş edirəm mənim..."

***

Ekspert yol göstərir: "Bu məktubun müəllifi ilə bağlı ekspertizaya ehtiyac var"

"Bu müraciətin həqiqətən də S.Babayevaya aid olub-olmamasını dəqiqləşdirmək üçün ekspertizaya ehtiyac var". Bu barədə "Yeni Müsavat"a açıqlamasında adının çəkilməsini istəməyən məhkəmə eksperti bildirib. Onun sözlərinə görə, müraciətlə bağlı iki cür ekspertiza keçirilməlidir: qrafaloji ekspertiza və mətn üzrə müəlliflik ekspertizası. Belə ki, S.Babayevanın əvvəlki yazıları, danışıqları ilə sözügedən müraciət arasında paralellik apararaq sonuncunun Babayevaya aid olub-olmadığı üzə çıxarılmalıdır.

Ayxan Məmmədov: "Anamın gerçək məktubunu üzə çıxarsınlar, orda Gülər ifşa olunub"


S.Babayevanın oğlu Ayxan Məmmədov isə məktubun məzmunu ilə tanış olduqdan sonra bildirdi ki, bu, anasının yazdığı məktub deyil: "Mənim anamın yazdığı məktub 7-8 vərəq idi və riyaziyyat dəftəri vərəqində yazılmışdı. O əlyazmalar Türkiyədə idi. Anamın ölümündən sonra mən onu Səlcuq Ağlayandan almaq istəsəm də, mənə vermədi. Pasportu da, həmin məktubları da məndən gizlətdi. Həmin məktubda Gülərin xeyrinə bir cümlə də yox idi. Anam yazmışdı ki, Gülər, məni bura sən göndərdin, mənim də oğlum var, mən də onun yanında olmaq istəyirəm".

Müsahibimiz bildirdi ki, mərhum anası onun bu məktubu oxumasından xəbərsiz olub: "Mən onun çantasında gördüm bu məktubu. Məktubla yanaşı xarici pasport da çantasında idi. Hətta xalam da gördü o məktubu. Mənə dedi ki, məktubu götür, saxla. Amma mən anamdan çəkindiyim üçün bunu etmədim. Anam məktubda yazmışdı ki, mənim oğlum universitetdə oxuyurdu, amma təhsil haqqını verə bilmədiyi üçün oradan çıxarıldı. Anamın qəbrinə and olsun ki, mən o məktubu oxuyana qədər institutdan qovulduğumu bilməmişəm. Ora ömrümdə bir dəfə getmişəm. Anam yazmışdı ki, Gülər, sən mənə köməklik eləməlisən, çünki məni bura sən göndərmisən. O məktubu üzə çıxarsınlar".
A.Məmmədov dedi ki, anasının məktubu əlyazma şəklində və çox pis xətlə yazılmışdı. Onun sözlərinə görə, çap variantında belə bir məktubun olması quramadır: "Anamın orda kompyuteri var idi ki, oturub orda da yazı yazsın? Özü də anamın xətti əyri-üyrü idi. Tələsəndə çox pis xətlə yazırdı".

Azad Mürsəliyev: "Bu, Gülər Əhmədova ilə bağlı məhkəmə ssenarisinin tərkib hissəsidir"

Məktuba Elşad Abdullayev "cəbhəsindən" də münasibət öyrənmək istədik. Sabiq rektorun vəkili Adil İsmayılov bu məktuba şərh verməyəcəyini dedi.

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev isə "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu məktub Gülər Əhmədova ilə bağlı məhkəmə ssenarisinin tərkib hissəsidir: "Bundan əvvəl də Elşad Abdullayevin şikayətləri əsasında həbs edilən şəxslərin məhkəmələrini izlədiniz. Onların hamısı sifarişli oldu. Dediyiniz məktub da Gülər Əhmədova ilə bağlı məhkəmə ssenarisinin tərkib hissəsidir. Özündə haqsızlığı əks etdirir".

A.Mürsəliyev dedi ki, S.Babayevanın yayımlanan və hələ yayımlanmayan video, səs yazılarında gerçək öz əksini tapıb. Müsahibimizin sözlərinə görə, S.Babayeva hər dəfə söhbətində baş verən hadisələri detalı ilə danışıb: "Öncə Sevinc Babayevanın ölümünə aydınlıq gətirilməli, ondan sonra belə məktublarla bağlı danışmalıyıq".

Gülər Əhmədovanın vəkili Raqif Mustafayev isə bu barədə danışmaq istəmədiyini bildirdi.

Maraqlıdır, sözügedən məktub Baş Prokurorluğa da göndərilibmi? Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bizə açıqlamasında dedi ki, sözügedən məktubla bağlı Baş Prokurorluğun mətbuat xidmətində hər hansı məlumat yoxdur.

Musavat.com