“Ermənistanda boşanma məsələsi Qərb və Rusiya təcrübələri fonunda başa düşülməlidir” – Şəhla Cəlilzadə

"Boşanma və ailə məsələləri əsasən konservativ cəmiyyətlərdə siyasi təsir, imic formalaşdırma və ya dəyişdirmə aləti kimi qiymətləndirilir. Qərb ölkələrində isə bu hallar adətən seçki texnologiyası xarakteri daşımır, daha çox situativ olur və qısamüddətli ictimai müzakirələr doğurur. Belə sistemlərdə siyasi karyeraya təsir edən əsas amillər struktur və institusional xarakter daşıyır. Məsələn, Ermənistanın əsas havadarlarından sayılan Fransanın keçmiş Prezidenti Nikola Sarkozi prezident seçildikdən sonra boşanmışdı. Rusiya Prezidenti Vladimir Putin də 2013-cü ildə 30 illik həyat yoldaşından ayrılmışdı. Lakin bu qərarlar onların siyasi karyerasının sonu olmadı. Böyük Britaniyanın keçmiş Baş naziri Boris Johnson 2018-ci ildə həyat yoldaşından ayrılmış (rəsmi boşanma 2020-ci ildə baş tutmuş), 2019-cu ildə isə hakimiyyətə gəlmişdi. Onun vəziyyəti müəyyən mənada fərqli idi. Belə ki, Brexit qərarına görə ailə üzvlərinin tənqid və təzyiqləri ilə üzləşən Boris Johnson 2022-ci ildə Baş nazir vəzifəsini tərk etdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyan ilə həyat yoldaşı Anna Akopyanın boşanma qərarı geniş ictimai müzakirələrə səbəb olub. Akopyanın kirayə mənzilə köçəcəyi və qızıl zinət əşyalarını hökumətə təhvil verəcəyi barədə açıqlaması da diqqət çəkib. Paşinyan sosial media paylaşımında həyat yoldaşının qərarına hörmətlə yanaşdığını vurğulayıb və son 30 il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib. Cütlüyün ayrılığı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İctimai rəyin bir hissəsi bu addımın siyasi məqsəd daşıdığını və seçkiöncəsi strategiyanın tərkib hissəsi ola biləcəyini iddia edir.

Siyasi şərhçi qeyd edib ki, bununla belə, onun postunu itirməsi ailə məsələləri ilə deyil, daha çox sistem xarakterli səbəblərlə, yəni siyasi qərarları və ictimai davranışları fonunda qiymətləndirilməlidir.

"Uzun müddət Finlandiyanın Baş naziri olmuş Sanna Marin də COVID-19 dövründə partilərə qatılması və tənqid olunan ictimai davranışları ilə gündəmə gəlmişdi. O, 2022-ci ildə boşandıqdan sonra növbəti il vəzifəsindən getdi. Lakin bu proses də əsasən siyasi faktorlarla – İkinci Dünya müharibəsindən sonra tərəfsizliyini elan etmiş ölkənin 2023-cü ildə NATO-ya qoşulması qərarı ilə əlaqələndirilirdi. Başqa sözlə, ailə məsələləri ümumi siyasi kontekst və ictimai davranışlar fonunda arxa planda qalır. Bu yanaşmanı Ermənistana da şamil etmək olar. Ermənistanın Baş naziri Nikol Paşinyanın Anna Akopyanla ailə münasibətlərinə son verməsini “xarici təsir” – xüsusilə Rusiyadan təzyiq – kimi izah etməyə çalışan spekulyativ yanaşmalar mövcuddur. Lakin bu iddiaların sübut edilməsi mümkün deyil. Digər versiyaya görə isə, Akopyanın birinci ailənin üzvü kimi ölkənin xeyriyyə fonduna rəhbərlik etməsi və müxalifətin iddiası əsasında Anti-Korrupsiya qurumunun araşdırma aparmağa başlaması fonunda “boşanma” qərarı açıqlanıb. Bu baxımdan, ayrılıq seçki ərəfəsində Paşinyana qarşı mümkün korrupsiya ittihamlarının qarşısını almağa hesablanmış taktiki addım kimi də təqdim olunur. Ümumilikdə isə Paşinyanın seçki gündəliyi regional sülh platforması üzərində qurulub və erməni cəmiyyəti üçün əsas prioritet birinci ailənin daxili gündəmi deyil, sülh prosesi, iqtisadi inkişaf strategiyası və perspektiv istiqamətlər olmalıdır. Çünki həm Ermənistanın, həm də bütövlükdə regionun gələcəyi böyük ölçüdə sülhün, sabitliyin və bu əsasda regional iqtisadi əlaqələrin bərpasından asılıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az