Salyanda yol qəzası: maşın ikiyə bölündü

Salyanda baş verən qəzada maşın ikiyə bölünüb, bir nəfər ölüb

Azərbaycanın Salyan rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, qəza bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 43-cü kilometrliyində, Salyan rayonunun Yenikənd ərazisində qeydə alınıb. Cəlilabad sakini, 27 yaşlı Taleh Zülfüqar oğlu Mahmudov idarə etdiyi "KAMAZ" markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "Jiquli" markalı avtomobil yük maşınının altında qalıb və iki hissəyə parçalanıb. Nəticədə "VAZ-2106"-nın sürücüsü, Salyan rayonunun Həsənli kənd sakini, 36 yaşlı Nağı Sulduz oğlu Mərdanov hadisə yerində ölüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin "Muğan" regional mərkəzinin xilasediciləri xüsusi alətlərələ sürücünün meyitini çıxarıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az