“Lotu Qoca”nın qəbri ilə bağlı növbəti - QALMAQAL

Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet, "qanuni oğru", "Lotu Qoca" ləqəbli Əlibala Həmidovun dəfni ilə bağlı qalmaqal yaranıb.

Belə ki, mətbuatda "Lotu Qoca"nın avqustun 20-də II Fəxri Xiyabanda dəfn olunduğu barədə məlumatlar yayılıb və dəfndən çəkilən fotoşəkillər təqdim edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti isə "Lotu Qoca"nın II Fəxri Xiyabanda dəfn edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Trestin baş mühəndisi Sabir Həsənov AzNews.az-a bildirib ki, II Fəxri Xiyabanda ancaq dövlət və xalq qarşısında xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlər dəfn olunur:

"Fəxri Xiyabanda dəfn əvvəlcədən müəyyən edilən prosedurlara uyğun aparılır. I və II Fəxri Xiyabanda kriminal avtoritetin dəfn olunması barədə xəbəri gülüncdür. Əlibala Həmidov adlı həmin şəxs xalq arasında Yasamalda Çəmbərəkənd kimi tanınan, hazırda isə "Dağüstü 2" adlanan ailəvi qəbiristanlıqda dəfn olunub".

Elnarə
AzNews.az