Azərbaycanlı gənc Obamayla görüşündən danışdı - FOTO

"Oh, sən azərbaycanlısan"

Ötən həftə ABŞ prezidentinin İsveçə səfəri zamanı güneyli soydaşımız Siyavuş Derəxti Barak Obama ilə görüşüb. "Amerikanın səsi"nə müsahibəsində S.Derəxti prezidentlə görüşündə İsveçdə dinlərarası münasibətləri yaxşılaşdırmaq sahəsində gördüyü işlərdən və İran Azərbaycanından olan kökləri barədə danışdığını bildirib: "Prezident Obamaya dedim ki, İran Azərbaycanındanam, güneyliyəm, türkcə danışıram, farsca yox. Prezidentə bildirdim ki, atam da, anam da İran Azərbaycanındandır, güneylidirlər. O da dedi ki, oh, sən azərbaycanlısan.
S. Derəxti Barak Obamanın onun İsveçdəki fəaliyyətindən razı qaldığını bildirib: "Prezident mənə söylədi ki, çox gözəl iş görürsən ki, müsəlmanlarla yəhudilər arasında münasibətləri düzəltməyə çalışırsan".

Qeyd edək ki, İsveçin "Sydsvenskan" qəzetində yayılan məlumata görə, Siyavuş Derəxti Barak Obama və İsveçin baş naziri Fredrik Reinfeldtin iştirakı ilə Stokholmdakı Böyük Sinaqoqda keçirilən görüşdə iştirak edib. O, İsveç toplumunda anti-semitizm və ksenofobiyaya qarşı fəaliyyətləri haqqında məruzə edib.

Siyavuş Derəxti Anti-semitizmə Qarşı Müsəlman Gəncləri Birliyini yaradıb. 22 yaşlı azərbaycanlı antisemitizm, ksenofobiya və islamofobiyaya qarşı fəaliyyətlərinə görə 2013-cü ildə "Raoul Wallenberg" mükafatına layiq görülüb. Onun təsis etdiyi birlik hazırda Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər adı ilə İsveçin Malmö şəhərində fəaliyyət göstərir.
Siyavuş Derəxti güneyli siyasi fəal və Dünya Azərbaycanlıları Konqresinin (DAK) sabiq sədri Cavad Derəxtinin oğludur.

AzNews.az