Həbsdəki bank müdiri xəstəxanaya yerləşdirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Texnikabank"ın Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, bankın İdarə Heyətinin sədri Samir Hüseynov, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə bu günə təyin edilən məhkəmə prosesi təxirə salınıb.

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, buna bankın İdarə Heyətinin həbsdə olan sədri Samir Hüseynovun müalicə müəssisəsinə yerləşdirilməsi səbəb olub. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, həmin iş üzrə həbs edilən "Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. E.Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

AzNews.az