Əli Kərimlinin oğlu niyə saxlanılıb? - RƏSMİ CAVAB (YENİLƏNİB)

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin hansı maddə ilə təqsirləndirildiyi məlum olub.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə məlumat verib.
O bildirib ki, Türkel Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

O.Mansurzadənin sözlərinə görə, bunu görən polislər onları nizam-intizama riayət etməyə dəvət ediblər, lakin sərxoş vəziyyətdə olan bu şəxslər polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq, müqavimət göstərməyə və hay-küy salmağa başlayıblar.

DİN rəsmisi bildirib ki, bununla əlaqədar onlar polislər tərəfindən saxlanılıblar. Həmin şəxslər barəsində məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilərək, barələrində protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.


***
13:34
Dünən axşam saatlarında saxlanılan AXCP sədrinin oğlu Türkel Kərimli Nəsimi Rayon Məhkəməsinə aparılıb. Bu barədə məlumatı AzNews.az-a AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib.
Onun sözlərinə görə, birazdan məhkəmə prosesi başlayacaq.
***
13:16

Polis AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlini saxlayıb.


Hadisə sentyabrın 22-i Milli Şuranın keçirdiyi mitinqdən sonra baş verib.
Onları Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Onlara qarşı seçki ilə bağlı plakatları cırmaq kimi ittihamlar irəli sürüblər.

AzNews.az