Cəlilabadda iki KamAZ toqquşub

Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 139-cu kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 46 yaşlı Samiq İbadovun idarə etdiyi 44 BK 861 dövlət nömrə nişanlı qoşqulu KamAZ markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Masallı rayon sakini Emin Ağayevin idarə etdiyi 44 BD 987 dövlət nömrə nişanlı eyni markalı yük maşını ilə toqquşub. Nəticədə qoşqulu KamAZ digər maşının üstünə aşıb.

Qoşqulu KamAZ-ın sürücüsü qəzadan xəsarətsiz xilas olsa da, onun sərnişini, 17 yaşlı Tərlan Mirişov müxtəlif bədən xəsarətləri alıb. Digər yük maşında sıxılıb qalmış sürücünün çıxarılması üçün isə əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. Bir saata yaxın davam edən xilasetmə işlərindən sonra FHN-nin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararıblar. Hər iki yaralı ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı magistral yolda nəqliyyatın hərəkətində 1 saata yaxın məhdudiyyət yaranıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


AzNews.az