Lənkəranda partlamamış hərbi sursatlar tapıldı - FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən Bakı-Ələt-Astara avtomobil yolunun keçdiyi ərazidə aparılmış əməliyyat zamanı xeyli sayda partlamamış hərbi sursat tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün Lənkəran rayonunun Talışlı kəndi ərazisində tapılmış sursatlar partladılma üsulu ilə məhv edilib.

ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanovun APA-ya verdiyi məlumata görə, sentyabrın 16-dan başlamış əməliyyat zamanı Ələt-Astara şose yolunun Lənkəran rayonunun Haftonu qəsəbəsindən keçən hissəsində 450 metr uzunluqda, 60 metr enində ərazi minalardan təmizlənib. Keçmiş sovet ordusuna məxsus hərbi hissənin ərazisinə düşən və kolluq sahədə həyata keçirilən əməliyyatlarda mexaniki minatəmizləyən maşınlardan və minaaxtaran itlərdən istifadə olunub. Əməliyyatın gedişində ərazidən 1 ədəd 82 mm çaplı minaatan mərmisi, xeyli sayda VOY-17 qumbaraları, habelə torpağın altında taxta qutularda çürümüş 12.7 mm çaplı DŞK patronları, müxtəlif çaplı patronlar, keçmiş illərdə partlamış PMN tipli minaların qırıntıları aşkarlanıb.

"Bizə verilən məlumata görə, vaxtı ilə Sovet Ordusu Azərbaycanı tərk edərkən yaxınlıqdakı su kanalına da çox sayda sursat atılıb. Baxış zamanı ərazidə yeraltı sursat anbarlarının olduğunu müəyyənləşdirdik", - deyə A. Aslanov vurğulayıb.

A. Aslanov bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı tərk edən Sovet Ordusunun hərbçiləri ərazidə xeyli sayda müxtəlif növ döyüş sursatını torpağın altında gizlədiblər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə Lənkəran rayonu ərazisində həyata keçirilən minatəmizlənmə işləri ANAMA tərəfindən oktyabrın 25-də tam başa çatdırılacaq.

AzNews.az