Rusiyadakı həmyerlilərimiz kütləvi şəkildə ölkəyə qayıdır

Moskvadakı son olaylardan sonra Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycana kütləvi qayıdışı davam edir.

Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, Moskva-Bakı qatar reysi ilə vətənə qayıdan həmyerlilərimiz Rusiyada vəziyyətin gərgin olduğunu söyləyiblər. Onların sözlərinə görə, baş verən son olaylardan sonra Rusiyadan miqrantların kütləvi şəkildə çıxarılmasına başlanılıb. Ölkədən deportasiya olunanlar sırasında azərbaycanlılar da var.

Moskvada bağlanan bazarlarda çalışan həmyerlilərimiz Azərbaycana qayıtmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Vətənə qayıdan həmyerlilərimizin sözlərinə görə, hazırkı vəziyyətdə Rusiyada qalmaq onların həyatı üçün təhlükəlidir.

Deyirlər ki, paytaxt Moskva da daxil olmaqla Rusiyanın bir çox şəhərlərində miqrantlar millətçi rusların hücumuna məruz qalır. Xüsusilə Orxan Zeynalov məsələsindən sonra rus millətçilərinin azərbaycanlılarla olan münasibəti dəyişib.

Qeyd edək ki, həmyerlimiz Orxan Zeynalovun moskvalı Şerbakovun ölümündə günahlandırılması və onun ardınca baş verən Brulyova etirazları fonunda paytaxt Moskvada qeyri-ruslara qarşı təqiblər daha da şiddətlənib. Elə bu səbəbdən Rusiyada yaşayan miqrantların kütləvi şəkildə deportasiyasına başlanılıb.