Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Gəncə Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olub. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az