Prokurorluqdan ölən dindarla bağlı Rəsmi açıqlama

Noyabrın 25-də Bakıda meyiti tapılan Asim Məmmədovun intihar etdiyi vurğulanır.

Səbail Rayon Prokurorluğundan "Media forum"a bildirilib ki, ilkin nəticələr tipik intihar hadisəsinin baş verdiyini təsdiq edir: "Meyit daxili müayinə üçün meyitxanaya göndərilib. Müayinəsi yekunlaşıb. Meyitdə heç bir xəsarət, zorakılıq əlaməti yoxdur. Araşdırmanın nəticəsindən asılı olaraq cinayət işi başlanacaq".

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim "Mən belə yaşaya bilmərəm. Məni bağışlayın" qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, "Facebook" şəbəkəsində belə bir status da yazıb: "Qoyun qılım namazımı, sonra kəsin boğazımı".

Asim Məmmədov "Facebook" şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınıb. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.

AzNews.az