- Köhnə - Hadisə
- 20 Dekabr 2013 10:44
- 2 626
AzNews.az-ın xəbəri təsdiqləndi: Hadisədə vəhhabi təhdidi izi

Nazirlik insidenti maksimum dərəcədə məxfi saxlamağa çalışır
Bir neçə gün öncə Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasına atəşə tutulması ilə bağlı AzNews.az-ın verdiyi xəbər haqda daha maraqlı məlumatlar ortaya çıxıb və bu hadisəni törədən Samir adlı şəxsin kimliyi haqda şok məlumatlar məlum olub.
Bu barədə isə "Yeni Müsavat"a nazirlikdəki qaynaqlardan məlumat daxil olub.
Qəzetin mənbəsinin iddiasına görə, silahlı insidentə görə həbs edilən şəxs vergilər naziri Fazil Məmmədovun yaxın adamlarından biri olan, "Ataholdinq" ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşı Samir Qurbanovdur.
S. Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfərə yaxın sələfi var və onların 50 nəfəri Sumqayıt şəhərində yaşayır. S.Qurbanov istənilən kritik saatda telefon zəngləri ilə minimum 100 nəfər idmançı görkəmli vəhhabini bir araya gətirmək imkanına sahib birisi kimi xarakterizə olunur.
Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, o mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat "paket" (qeyri-rəsmi maaş) də alırmış. Bu pulu özünə yaxın olan vəhhabi icmasının ehtiyaclarına xərclənirmiş. Onun işdən çıxarılmasının səbəbi də təriqətçiliyi və nazirin ünvanına tez-tez tənqidlər səsləndirməsi olub. Nəticədə, S.Qurbanovu işdən çıxartdılar və həm də "paketi"ni kəsdilər. Onu ən çox hiddətləndirən də "paket"in kəsilməsi olub. O, bir neçə dəfə rəhbərlikdən, xüsusi ilə də nazirə ən yaxın olan Binəqədi İH başçısı Xaləddin İsgəndərovdan (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər vəzifələrdə çalışıb - red.). "paket"in bərpa edilməsini tələb edib. Mənbəmiz onu da bildirir ki, əslində Samir Qurbanov özü zəngin adamdır: "Onun az qala 40 bahalı maşını var. Hamısının da nömrəsi 041-lə bitir".
Mənbə onu da iddia edir ki, insident baş verən gün S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub - vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov. Lakin onu içəri buraxmayıblar. Qəzəblənən Samir nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla, bir növ bu şəxslərə xəbərdarlıq edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq tapşırılıb.
Mənbələrimiz bildirir ki, xüsusi ilə X.İsgəndərov baş verənlərdən narahatdır və bütün yaxınlarının təhlükəsizliyini gücləndirib. Çünki S.Qurbanov həbsdə olsa da, icma üzvləri, o cümlədən də onun "vuran əli" sayılanlar azadlıqdadır və hər an onların qarışıqlıq salacağı gözlənilir.
Məlumatlara görə, S.Qurbanovun F.Məmmədovun biznesinin idarəçiliyi ilə məşğul olan qardaşı Qafar Qurbanov qardaşının hərəkətini təqdir etmir. Hətta Q.Qurbanovun insidentdən sonra 10 gün gizlənmiş S.Qurbanovun tutularaq istintaqa təhvil verilməsində mühüm rol oynadığı bildirilir.
Bununla belə, Vergilər Nazirliyi insidentin maksimum dərəcədə məxfi saxlamağa çalışır. Respublika Prokurorluğunun və Vergilər Nazirliyinin mətbuat xidmətləri məsələ ilə bağlı eyni cavabı veriblər: "Bu barədə bizdə məlumat yoxdur".
İşin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Hələlik şəxsin müdafiəsi ilə bağlı tanınmış vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat üzrə ayrılmış vəkil müdafiə edir.
Sonda onu da qeyd edək ki, Q.Qurbanovun adı mətbuatda ilk dəfə 2012-ci ilin yayında ARDNŞ-in Monteneqroda ada alması ətrafında qalmaqalda hallanıb. Mediada gedən məlumatlara görə, icarə müqaviləsini ARDNŞ-ın adından "Ataholdinq" ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov imzalayıb.
bax: ( http://musavat.com/news/g%C3%BCnd%C9%99m/MONTENEQRODAKI-ADANI-ATAHOLD%C4%B0NQ-ALIBMI%C5%9E_127824.html ttp://musavat.com/news/g%C3%BCnd%C9%99m/MONTENEQRODAKİ-ADANİ-ATAHOLD%C4%B0NQ-ALİBMİ%C5%9E_127824.html )
Monteneqro hökumətinin saytında verilən məlumata görə, 90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur. Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 milyon avro, ilk 8 ilində isə 258 milyon avro sərmayə qoymağı öhdəsinə götürüb. 45 illik icarə haqqı əvvəlcədən ödəniləcək.
"Yeni Müsavat" Samir Qurbanovun başqa bir vəzifəli məmurun da yaxın qohumu olması xəbərinə çıxıb. O xəbəri də araşdırıb, yaxın günlərdə həmin qohumun da adını açıqlayacağıq.
Yazıda adı çəkilən hər şəxsin, o cümlədən də Vergilər Nazirliyi və Baş Prokurorluğun da mövqeyini də dərc etməyə hazırıq.
İqtisadiyyat şöbəsi
Xatırladaq ki, AzNews.az xəbər portalı 16.12.2013 tarixində "ŞOK: Vergilər Nazirliyində silahlı insident" başlıqlı yazıda bu hadisə ilə bağlı ilkin məlumatları yayıb.
AzNews.az