Jurnalistdən AXCP-yə saxtakarlıq ittihamı

"Mən Azərbaycanda keçirilən sorğulara, seçkilərə filan inanmıram. Bilirəm ki, bizim gözəl xalqımız həyatda heç bir şeyi taleyin ümidinə buraxmaz, mütləq bir barmaq qatmalıdır. Bu günlərin əsas mövzularından biri də, AXCP GT-nın sədrinin təyinatı ilə bağlıdır. Çoxu deyir ki, niyə GT-nin sədri seçki əsasında seçilməyib. Cəbhəçilərin də izahatları var. Nizamnamə filan".

Bu sözləri Ülkər Abdullayeva özünün facebook səhifəsində yazıb. Hüquq müdafiəçisi əlavə olaraq yazıb:

"AXCP hər addımda hakimiyyəti seçki saxtakarlığına, demokratiyanı boğmağa, insan haqlarını tapdamağa və sairə görə lənətləyir. İndi cəmiyyətin də haqqı var bu partiyadan soruşsun ki, sən niyə demokratiyanın prinsiplərini gözardı eləyirsən?

Niyə partiyadakı onlarla (cəbhəçilərin iddialarına görə minlərlə) gəncə rəhbərlik edəcək bir şəxsi təyinatla müəyyənləşdirirsən?

Niyə 1995-ci ildən - AXC partiyaya çevrilən vaxtdan bu günə qədər partiyada demokratik qaydaların bərqərar olmasına çalışmamısan?

200 adama rəhbərlik edəcək şəxsi təyinatla müəyyənləşdirirsənsə, onda niyə 9 milyonluq ölkəyə rəhbərlik etmək istəyən adamın seçkisində şəffaflıq axtarırsan? Əlbəttə, hər şeyə izahat tapmaq mümkündür. Robert Qrin demişkən, istənilən qatili, cinayətkarı dindirsən, o, özünün nə qədər haqlı olduğunu elə ciddi arqumentlərlə əsaslandırmağa çalışacaq ki...

Amma ortada cinayət faktı var axı. Səmimi olun dostlar! Ya etiraf edin ki, seçki, demokratiya filan sizlik deyil. Ya da özünüzü haqqında möhkəm qışqırdığınız şeylərin mahiyyətinə uyğunlaşdırın!"

Elman
AzNews.az