- Köhnə - Hadisə
- 6 Fevral 2014 13:14
- 10 829
Tikintidə başına daş düşən şəxsin ölüm xəbəri yayıldı

Yanvarın 31-də Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsi 73 ünvanda yerləşən ticarət mərkəzində (Təzə bazarın yaxınlığında) başına daş düşdüyünə görə ciddi xəsarət alan Cəbrayılov Maisin xəstəxanada dünyasını dəyişməsi barədə xəbər yayılıb.
Məlumatlara görə, təzə tikilən binanın divarından bəzək üçün düzəldilən daşın başına düşməsi ilə ciddi xəsarət alan və Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılan Mais Cəbrayılov bu günlər ərzində komada olub.
Yanvarın 6-da səhər saatlarında isə komadan çıxa bilməyən M.Cəbrayılov xəstəxanada dünyasını dəyişib. Xəstəxananın baş həkim müavini Adil Salahovun AzNews.az-a açıqlamasında Mais Cəbrayılovun dünyasının dəyişməsi ilə bağlı xəbərin doğru olmadığını deyib:
"Xəstə olduqca ağır vəziyyətdə gətirilmişdi. Beyni əzilmişdi, başqa xəsarətlər də var idi. Bu gün səhər özüm də ona baş çəkmişəm. İndi də reanimasiya şöbəsinin müdiri ilə danışdım. Vəziyyəti olduqca ağırdır, aparata qoşulu vəziyyətdədir".
Qeyd edək ki, ticarət mərkəzinin Saatlı rayonunun keçmiş icra başçısı Vaqif Şixəliyevə məxsus olduğuna dair məlumatlar var.
Elnarə
AzNews.az