“Sovetski“nin ağsaqqalı “Bandotedel”ə çağırıldı

"Sovetski"nin söküntüsü zamanı ədalətli kompensasiya tələbi ilə çıxış edən Müdafiə Komitəsinin üzvü Hacı Məmməd Faziloğlu və oğlu Emin Aslanov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Hacı Məmməd Meydan TV-yə deyib ki, idarədə ona söküntü məsələsi ilə bağlı çox danışmasını irad tutublar: "Əhali aksiya keçirmək istəyirdi. Biz ağsaqqallar yığışıb gənclərə dedik ki, 3 marta qədər gözləsinlər. Hökumət nümayəndələrinə söz vermişik ki, bu müddətə qədər onların qərarlarını gözləyəcəyik, bundan sonra aksiya təxirə salındı. Amma idarədə məni qarşıdurma yaratmaqda ittiham etdilər. Bu nə ölkədir ki, hüquqlarımı tələb elədiyim üçün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılırlar?"

Hacı Məmməd deyib ki, oğlu Emin Aslanov iki gündür idarədə saxlanılıb. Özü isə bu gün idarəyə çağırılanda "Sovetski" sakinlərinə deyib ki, 2 saat ərzində qayıtmasa, bilsinlər ki, onu saxlayıblar. H.Məmməd idarədə 2 saat saxlanılandan sonra sərbəst buraxılıb. Onun oğlu da azadlığa çıxıb. Müdafiə Komitəsinin üzvü deyir ki, ona təzyiq etmək üçün oğlunu 2 gün idarədə saxlayıblar. "İdarədə mənə dedilər ki, 2-3 nəfər də var, onları da idarəyə çağıracağıq. Mən dedim ki, biz qanunsuz iş görmürük. Bizim evimizi qanunsuz sökənləri bura çağırın".

AzNews.az