Ağacların “soyqrımı“ ilə bağlı cinayət işi açılacaq

Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail rayon Polis idarəsinə müraciət olunub.

Bu barədə Aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib. Nazirlik rəsmisi Nabatat bağında 40-a yaxın ağacın kəsildiyini bildirərək, ərazidə baş vermiş qanunsuzluğu belə izah edib: "Nəbatat bağında ağacların kəsilməsi "Torpaq sahələri ayrılmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması haqqında" Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli o cümlədən "Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında" 19 sentyabr 2005-ci il tarixli qərarlarına tamamilə ziddir".

Xatırladaq ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz olaraq kəsilməsinə sərt təpki verib. Dövlət başçısı bunun vicdansızlıq, biabırçılıq və cinayət olduğunu bildirib.

AzNews.az