Xərçəngdən əziyyət çəkən mayorun köməyə ehtiyacı var - Foto

Tovuz rayonunun "N" saylı hərbi hissənin mayoru Rəşid Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə qafqazinfo-ya onun anası Səriyyə Məmmədova məlumat verib.

Ananın sözlərinə görə, oğlunun sağalması üçün dövlət tərəfindən maliyyə vəsaiti tam ödənilməyib: "Oğlum həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrinə xidmətdə keçirib. Xidmətinin 80 faizini cəbhə bölgəsində olub. Tovuz rayonunun "N" saylı hərbi hissənin mayorudur. 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək geri çağrılıb. Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra illik köçürmə mərhələsi olmalı idi. Bunların heç biri olmadı, çünki dövlət tərəfindən maliyyə vəsaiti ödənilmədi. Üstəlik, hərbçi olduğu və ölkədən gedib-gəlməsi xüsusi icazə ilə olduğu üçün müalicəni öz hesabımıza da başa çatdıra bilmədik.

Ağrıların şiddətindən bir dəqiqə belə gözünü yuma bilməyən, gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə qabiliyyətini də itirən oğlumun bu halına necə dözəcəyimi bilmirəm".

Qeyd edək ki, mayorun anası ölkə başçısından və səlahiyyətli şəxslərdən oğlunun müalicəsinin davam etdirilməsi üçün kömək istəyir.



AzNews.az