Mal-qara arasında xəstəlik yayıldı

Aran bölgəsində iri buynuzlu heyvanlar arasında yayılan xəstəlik daha bir rayonda müşahidə olunur.

Sakinlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, Zərdab rayonunun 6-ya yaxın yaşayış məntəqəsində 20 gündən artıq bir müddətdir mal-qara arasında kütləvi xəstəlik yayılıb. Xəstəliyə tutulan heyvan qidadan kəsilir, halsızlaşır, ağzından su axır, arxa ayaqları tutulur, bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlər əmələ gəlir və bədən hərarəti yüksəlir. Sakinlərin sözlərinə görə, xəstə heyvanlardan artıq bir neçəsi ölüb.

Zərdab rayon Baytarlıq İdarəsinin rəisi Mənsur Pənahov APA-ya açıqlamasında qeyd edib ki, artıq bir müddətdir rayonun 6 kəndində "Nodulyar dermatit" virus xəstəliyi mal-qara arasında yayılıb. Xəstəlik baş verən vaxtdan rayon baytarlıq idarəsi gücləndirilmiş iş rejiminə keçib. Mal-qara saxlanılan bütün ərazilərdə dezinfeksiya işləri aparılıb. Xəstəliyin daha geniş vüsət almasının qarşısı alınıb. Bu vaxta kimi rayonda olan 53 min baş iribuynuzlu mal-qaradan cəmi 60 başında bu xəstəlik müşahidə olunub. Xəstəliyə tutulan qoca və daha zəif 3 baş heyvan isə bu xəstəlikdən tələf olub.

AzNews.az