“Bütün qurumlara xəbərdarlıq edilib” – Deputat səfərbərlikdən danışdı

Bir neçə gündür ölkədə səfərbərliklə bağlı xəbərlər yayılır, müharibənin başlayacağı ilə bağlı şayiələr gəzir.


Bəs bu şayiələrin kökündə nə dayanır? Doğrudanmı Azərbaycanın müharibəyə başlaması ilə bağlı xəbərlər həqiqəti əks etdirir?

AzNews.az əhalini narahat edən bu kimi suallarla Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruca müraciət edib.

Zahid Oruc bildirib ki, ehtiyatda olan zabitlərin və hərbi vəzifəlilərin orduya çağırılmasının müharibə ilə heç bir əlaqəsi yoxdur: "Hərbi təlimlərin belə geniş miqyasda aparılması, bütün qoşun növlərinin iştirakı, eyni zamanda müdafiə nazirinin bilavasitə Qarabağla yaxın təmas xəttində bütün bu əməliyyat şəraitini özünün nəzarətdə saxlaması, həmçinin cəmiyyətə verilən digər mesajlar ola bilsin ki, bu qənaətləri doğurmuş olsun. Yəni həqiqətən də ötən atəşkəs illərində tərəflər müharibəyə həmişə yaxın olublar. Çünki ortada bufer zona yoxdur. Ən yaxşı halda məsafə 100 metrlərlə ölçülür. Amma Ağdam və Füzuli cəbhəsində elə yerlər var ki, ora düşmənlə məsafə 50 metrə bərabədir. Bu isə kifayət qədər təhlükəli şəraitin mövcud olması deməkdir".


Z.Orucun sözlərinə görə, indi Azərbaycan müharibə hazırlıqlarını üst səviyyəyə qaldırıb: "Ölkə sanki müharibə hazırlığı vəziyyətinə gətirilib. Etiraf etmək lazımdır ki, bütün əməliyyat məlumatları hər bir vətəndaşa verilə bilməz. Düşmən tərəfinin hərəkətləri, onların qurduğu hərbi taktikalar, əməliyyatlar, o bölgəyə gətirilən yeni silahlar, texniklar haqda məlumatlar Ali Baş Komandan və çox məhdud saylı insanlara bəllidir".

Millət vəkili müharibə olacağı təqdirdə Azərbaycanın bu qərarı məcburiyyətdən verəcəyini bildirib: "Azərbaycan bu qərarı verərsə, bu, məcburiyyətdən irəli gələcək, özünü qorumaq mövqeyindən doğacaq. Təbii ki cəmiyyətdə suallar olacaq. Amma əhali arasındakı təşviş ifadəsini qəbul etmək istəmirəm. Hərbi vəzifələrin, zabitlərin yaxud da sadəcə əsgərlərin bu təlimlərə cəlb olunması uzun müddətli bir tədbir deyil. Yəni ayın 13-dək davam edən 7 günlük təlimin həm də bu 6 min nəfər ehtiyatda olan şəxslərin iştirakı ilə baş verməsi onları bir daha hərbi formalara qaytarır. Hökumət Azərbaycan ordusundakı keyfiyyət dəyişikliklərini onlara tanış edir. Həmçinin bilavasitə bu işin koordinasiya olunmasını, belə deyək ki, müharibə vəziyyəti yaranarsa, onun xaotik keçmişdəki kimi təşkil edilməməsini, prosesin daha nizamlı xarakter daşımasını özündə ehtiva edir. Bu insanlar öz həyatlarından, ailələrindən, iş mühitlərindən köklü bir şəkildə uzunmüddətli ayrılmırlar. Bütün bunlarla bağlı hər bir quruma ayrıca məlumatlar verilib ki, onlarla əlaqədar hər hansı cəza tədbirləri görülməsin. Ona görə də bunun informasiya məkanımızda düzgün təqdim olunmasına çox ciddi ehtiyac var".

Deputat Azərbaycanda səfərbərlik potensialının 2 milyona qədər olduğunu qeyd edib: "Yəni 20-dən 52 yaşa qədər kiçik mənsublu şəxslərin sayı bu rəqəmə çatır. Ermənilərdə isə bu rəqəm 1 milyondan yuxarı deyil. Azərbaycan insan resursuna və potensialına görə düşməndən güclüdür. Digər parametrlərdə də eyni vəziyyətdir. Ona görə də bütün bu çağırışlar ümumxalq səfərbərliyi deyil. Bu, ölkədə müharibə vəziyyətinin bərqərar olması anlamına gəlmir. Mesajları bu halda vermək olmaz. Amma eyni zamanda deputatların da belə bir səlahiyyəti yoxdur ki, "müharibə olmayacaq" fikrini söyləsin. Çünki bütün lazımi məlumatlar ölkə rəhbərinin əlindədir. Hesab edirəm ki, sırf bir həftəlik dövr üçün nəzərdə tutulan bu ehtiyatda olanların çağırışı məsələsinin fərqli bir səviyyədə təqdim olunması, onun ajiotaj kimi qiymətləndirilməsi, yaxud da qorxu doğurduğu söylənməsi düzgün deyil. İnsanlarımız üçün burada hər hansı vahimə və narahatçılıq yoxdur. Bu, xalq səfərbərliyi deyil".

Təlimlərlə bağlı olaraq gənclərin gözlənilmədən, hətta gecə yarısı belə aparılmasına gəlincə, millət vəkili bu cür halların qarşısını almaq üçün lazımi tədbirlərin görülməsini vurğulayıb: "Bizim hər birimiz sanki rahat və dəqiq reqlamenti müəyyənləşdirmiş bir mülki cəmiyyətin üzvləriyik. Hər bir şəraitdə gecə yarı kiminsə evinə zəng vurulması orada çağırışçı olmayan insanların yaşayış tərzi üçün müəyyən narahatçılıq yaradır. Ordu birləşmələrinin konkret vəzifəsi kişi mənsublu insanlarımızı ordu işinə cəlb etmək, onları formada saxlamaq, hərbi biliklərini itirməməyi qarşısına məqsəd qoymaqdır. Onun arxasında qalan valideynlərin rahat yaşamasını təmin etmək üçün bunu fərdi bir qaydada aradan qaldırmaq olar. 6 min rəqəmi az çox kiçik bir hissədir. Amma bu, respublika səviyyəsində yüz minlərlə şəxsin cəlb olunmadığı bir şəraitdə qeyri adekvat yanaşmaların, ayrı-ayrı xəbərlərin dövriyəyə çıxması da əslində müvafiq qurumları düşündürməlidir. Həmçinin izahat tədbirləri güclənməlidir. Televiziyalarda bu məsələyə geniş yer verilməlidir ki, gələcəkdə bu nöqtələrdə ziyan çəkməyək".

Millət vəkili əhali arasında yayılan şayiələrə də toxunub. O, şayiələrin informasiya müharibəsinin tərkib hissəsi olduğunu, lakin əksər hallarda ziyan gətirdiyini vurğulayıb.


Qeyd edək ki, son bir həftədir ki, ölkəmizdə həqiqi hərbi xidməti başa vurmuş gənclər və ehtiyatda olan hərbi qulluqçular yenidən orduya çağırılması ilə bağlı məlumatlar yayılıb.

Deyilənlərə görə, ölkəmizdə səfərbərlik elan olunub, amma bu, əhali arasında təşviş yaratmamaq üçün açıqlanmır. Səfərbərliklə bağlı olaraq, dünən gecə Bakının bir çox yerlərində gənclərin saxlanılaraq komissarlıqlara aparıldığı və bunun da gərginliyə səbəb olduğu, aparılanların bir qismindən isə pul alınaraq buraxıldığı da yayılan məlumatlar sırasındadır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə yayılan məlumatlarla bağlı açıqlamasında bunun sadəcə ölkədə keçirilən təlimlərlə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi planı əsasında sentyabrın 6-da start götürən və müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədar olaraq başlanan təlimlər sentaybrın 13-dək davam edəcək. Təlimlərdə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6 min nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Amma təlimlərlə əlaqədar olaraq ölkə ərazisində səfərbərlik elan olunmayıb.

Sevinc Yasinqızı
AzNews.az