Fəhlələr nazirliyin açıqlamasını təkzib etdilər: “6 aydır maaş almırıq”

AZİN Qrup şirkəti “Azərİnşaat”ı məhkəməyə verib. Buna səbəb “Azərİnşaat”ın sifarişi ilə həyata keçirtdikləri işin müqabilində nəzərdə tutulan məbləği ala bilməmələridir.

Artıq 6 aydan artıq bir müddət keçməsinə baxmayaraq şirkət öz əməkdaşlarının və fəhlələrin pulunu verə bilmir. Məsələ ilə bağlı AZİN Qrup şirkətinin Kadrlar şöbəsinin müdiri Hikmət Məhərrəmovla əlaqə saxladıq. O baş verən hadisəni saytımıza təsdiqlədi.

Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azərİnşaat"ın işçilərinə gecikdirilmiş 6 ayın əmək haqqının ödənilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, qurumun Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən gecikdirilmiş əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, "Azərinşaat" ASC-nin bir qrup əməkdaşının 2 noyabr tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdikləri müraciətə əsasən, qeyd olunan qurumun işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb. Araşdırma nəticəsində "Azərinşaat" ASC-nin işçilərinin əmək haqlarının ödənilməsinin cari ilin may ayından, yəni uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 mln. 362 min 875 manat məbləğində əmək haqqı borcunun yarandığı müəyyən edilib.

İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində "Azərinşaat" ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əmək haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib. Beləliklə, əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranmış narazılıq aradan qaldırılıb.

Maraqlı tərəf ondan ibarətdir ki, "Azərİnşaat"in tərkibində fəaliyyət göstərən AZİN Qrup şirkəti işçilərin maaşını verə bilmir, nədənsə nazirlik əmək haqlarının verilməsi barədə ictimayyətə məlumat verir.

Artıq şirkətdə 6 aydan artıqdır ki, əmək haqqı ala bilməyən bir neçə sürücü nazirliyin bu xəbərinə öz etirazların bildiriblər. Biz öz problemimizlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişik. Amma bizə heç bir rəsmi cavab, nə də dərdimizə çarə tapan olmayıb.

xezernews