“Azərİnşaat” məhkəməyə verildi - Maaş ödənilmir

AZİN Qrup şirkəti “Azərİnşaat”ı məhkəməyə verib.


Buna səbəb "Azərİnşaat"ın sifarişi ilə həyata keçirilən işin müqabilində nəzərdə tutulan məbləği ala bilməmələridir. Artıq 6 aydan artıq bir müddət keçməsinə baxmayaraq şirkət öz əməkdaşlarının və fəhlələrin pulunu verə bilmir.

Məsələ ilə bağlı AZİN Qrup şirkətinin Kadrlar şöbəsinin müdiri Hikmət Məhərrəmovla əlaqə saxladıq. O, baş verən hadisəni saytımıza təsdiqləyib. Bildirib ki, 6 aydır işçilər əmək haqqı ala bilmir. "Azərinşaat" MMC-nin rəhbəri Mehdi Əliyevin həbsindən sonra bu məslə daha da ciddiləşib: "Bütün işçilər əmək haqlarını bizdən tələb edir. Biz bunu necə verək? "Azərİnşaat" gərək bizə pul versin ki, biz də bunu edək. Hər gün işçilər bizə öz etirazların bildirirlər".

Xatırladaq ki, bir müddət əvvəl "Azərİnşaat"ın tərkibində fəaliyyət göstərən AZİN Qrup şirkətinin 5 aydır Bakı-Ələt-Astara yolunun Masallı hissəsində (22 kilometr 200 metr) yolun təmir işlərini aparan işçilərin əmək haqqını verməməsi ilə bağlı xəbər vermişdik.

Xezernews.az