İcra başçısı külli miqdarda pul mənimsəyib - Hesablama palatasından şok hesabat

Hesablama Palatası Mingəçevir Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələrini açıqlayıb.


AzNews.az xəbər verir ki, Hesablama Palatasının sədri V.Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Nəzarət tədbirinin planlaşdırılması və keçirilməsinin gedişi, o cümlədən əldə edilmiş audit sübutlarla bağlı audit qrupunun rəhbəri F.Şəkərəliyevin məlumatı dinlənilib, daha sonra auditin nəticələrinə dair fəaliyyət istiqaməti üzrə auditor N.Həsənovun nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr də daxil olmaqla hesabatı müzakirə edilib.

Auditor N.Həsənov Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbiri ilə müəyyən edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin (İH) struktur vahidləri tərəfindən tam təmin edilmədiyini Kollegiya üzvlərinin diqqətinə çatdırıb, hazırki auditlə əhatə olunan dövrdə isə mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmayaraq təxmini hesablamalara əsasında tərtib edildiyini bildirib.

Auditor qeyd edib ki, abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçrilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək əlavə və artıq ödənişlərə yol verilib, kommunal xidmətlərini həyata keçirən İH-nin struktur vahidləri tərəfindən büdcə vəsaitinin təyinatı dəyişdirilmiş və təsərrüfat gəlirləri hesabına saxlanılmalı xərclərin ödənilməsinə yönəldilib, mənzil fondunun gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-na yaranan borc isə daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, bəzi hallarda əhali qrupundan yığılan kommunal xidmətləri haqqı əksər hallarda gecikdirilmə ilə təhvil verilib.

Eyni zamanda istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşrut üzrə məsafənin müəyyənləşdirilmədiyi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilmədiyi, bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı, hesablaşmaların nağd qaydada həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdırıb, büdcə vəsaitlərinə dair tələbatın və xərclərin mövcud qanunvericiliyə uyğun müəyyən edilməsini, dövlət büdcəsi vəsaitinin təyinatının dəyişdirilməsi, qanunvericiliklə büdcə vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmayan xərclərə vəsaitin yönəldilməsi, dövlət vəsaitinin şəxsi istifadələrdə saxlanılması hallarının qarşısının alınmasına nəzarətin gücləndirilməsi, satınalma proseduru keçirilmədən müqavilələrin bağlanılması, müqavilə qiymətlərindən baha qiymətlərlə malların alınması hallarına yol verilməsi hallarının aradan qaldırılması və nağd hesablaşmaların minimumlaşdırılması, bu sahədə nəzarətin gücləndirilməsi, ödəniş növbəliliyinin gözlənilməsi təmin edilməklə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna yaranan kreditor borclarının ləğv olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, funksional vəzifələrdə mövcud olan paralelliyin aradan qaldırılması və idarəetmə xərclərinin azaldılması məqsədilə struktura yenidən baxılmasını, dövlət mülkiyyətində olan əmlakın icarəyə və istifadəyə verilməsi, işçi heyəti ilə hesablaşmalar, dövlət satınalmaları və mühasibat uçotu üzrə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş, və səsə qoyularaq qəbul edilib. Qərar icra edilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilib.

Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.