Mahir Şükürovla «Neftçi»nin legionerləri arasında QARŞIDURMA

"Neftçi" klubunun düşərgəsindən dolaşıq xəbərlər səngimir. AzNews.az–a daxil olan xəbərə görə, son zamanlar "ağ-qaralar"ın uğursuz çıxış etməsinin səbəbindən biri, futbolçular arasında gərginliyin olması göstərilir.

Etibarlı mənbə bildirib ki, komandanın vitse-kapitanı Mahir Şükürov legionerlərlə yola getmir. O, özünü "Neftçi"də lider sayır və məşqlərdə tez-tez futbolçulara göstərişlər verir. Millinin üzvünün bu hərəkəti əcnəbilərdə qıcıq yaradır.

Onlar cəmi 6 ay heyətə qoşulmuş bir futbolçunun qısa zamanda sərbəst hərəkət etməsini həzm edə bilmirlər. Xırda qarşıdurmalarda dərinə getmək istəməyən legionerlər Mahirdən məşqçilərə gileyləniblər. Amma bu şikayət öz nəticəsini tapmayıb. Mənbəmiz səbəb kimi, sağ cinah müdafiəçisinin komandada güclü dayaqlarının olmasını göstərib.

Vəziyyətin dəyişmədiyini görən əcnəbilər, oyun zamanı Mahirə ötürmə vermək istəmirlər. Bu isə matçın gedişinə öz təsirini göstərir. 7-qat ölkə çempionun hazırkı durumu futbolumuzun başbilənlərini bərk narahat edir. Qış fasiləsində "Neftçi"də ciddi dəyişikliklərin olacağı söylənilir.

Kamran Hacı
AzNews.az