İrəvanda idmançılarımız üçün xüsusi təhlükəsizlik tədbirləri

İrəvanda gənclər arasında keçiriləcək boks üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycan idmançıları noyabrın 26-da Ermənistana gedəcək. Çempionat çərçivəsində azərbaycanlı idmançıların təhlükəsizliyi müvafiq orqanlar tərəfindən qorunacaq.

Bu barədə məlumatı bu gün keçirdiyi mətbuat konfransında Ermənistan Boks Federasiyasının vitse-prezidenti Derenik Qabrielyan verib.

Onun sözlərinə görə, çempionatın iştirakçısı olacaq 620 idmançının da təhlükəsizliyi təmin ediləcək: "Ancaq Azərbaycan nümayəndə heyətinin təhlükəsizlik tədbirlərinə bir az artıq diqqət ayrılacaq. Azərbaycanlı idmançılar bir dəfə ölkəmizə gəlib və bu zaman hər şey yaxşı keçib".

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinin Gürcüstandan xüsusi təyyarə reysi ilə həyata keçirilməsi planlaşdırılıb. Çempionat noyabrın 29-da başlayaraq dekabrın 7-də başa çatacaq.

Elnarə Əlosmanqızı
AzNews.az