8 ən güclü komanda

Cüdo üzrə ilk dəfə keçirilən klublararası Azərbaycan kubokunun seçmə mərhələsi başa çatıb.



Gərgin keçən döyüşlərdən sonra yarışda mübarizəni davam etdirəcək komandalar müəyyənləşib.

Belə ki, reqlamentə əsasən 4 qrupda mübarizə aparan 15 cüdo klubundan ilk 2 yeri tutanlar - 8-i ilkin mərhələni uğurla başa vuraraq, növbəti mərhələyə yüksəlib. Bunlar "Qəbələ", "Judo 2012", "Neftçi", "Attila Bakı", "Lokomotiv Bakı", "KANO", "Sərhədçi" və "Kanokan TT" komandalarıdır.

Bakı təmsilçiləri ilə yanaşı, Qəbələ cüdoçularının da qatılacağı növbəti mərhələ martın 3-də start götürəcək və 7 dövrədən ibarət olacaq. Burada isə 4 ən güclü kollektiv "Dördlər finalı"na vəsiqə qazanacaq. Oktyabrın 10-da başa çatacaq yarışın finalçıları Avropa çempionatında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçirilən yarışda hər komanda maksimal 10 idmançı (hər çəkidə 1 nəfər olmaqla - 3 nəfər gənc və 7 nəfər böyük) ilə qüvvəsini sınayır.

AzNews.az