Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu - Fotolar

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

AzNews.az-ın məlumatına görə, Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi - Murad Əliyev və Kamil Nəbiyev yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvəsini sınayıblar.

Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırma hərəkətində 104 kq-ı ram edərək bu hərəkətdə 9-cu yeri tutub. Toplam 184 kq (80+104) nəticə ilə Kamil Nəbiyev birincilikdə 10-cu yerdə qərarlaşıb.

Murad Əliyev isə bu çəkidə Avropa birinciliyinin qalibi adını qazanıb. Birdən qaldırma hərəkətində 100 kq nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən Murad, 118 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kq (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

image description image description