Gözlənilən qələbə

Məlum olduğu kimi, Azərbaycan idmançıları İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edir.

Ölkə karateçiləri arasında bu yarışın artıq 2 qızıl medalçısı var. Onlardan biri, Rəfayel Ağayevin qələbəsinə təkcə onun pərəstişkarları deyil, elə rəqibləri də şübhə etmirdilər. Rəfayel bu gözləntiləri doğruldub.

Belə ki, Əlcəzair idmançısına 7:2, Türkiyəli rəqibinə 7:0, üçüncü qarşılaşmada isə Misir karateçisinə 6:3 hesabı ilə qalib gəlib. Finalda İran idmançısı ilə qarşılaşan karateçimiz rəqibini 5:2 hesabı ilə məğlub edib.

Beşqat dünya çempionu olan 28 yaşlı karateçi bu yarışda məğlubiyyəti qəbuledilməz sayıb: "Bu yarışda hər kəs məni favorit kimi görürdü və buna görə də səhvə yol verib məğlub ola bilməzdim. Düzdür, Misir idmançısı ilə döyüş bir az çətin oldu. Həmin idmançı gəncdir və onunla ilk dəfə idi döyüşürdüm. 3:0 öndə olsam da, bir anlıq arxayınlıq hesabın bərabərləşməsinə səbəb oldu. Vaxt azalırdı, əgər hesab bərabər qurtarsaydı, yəqin ki, qələbəni ona verəcəkdilər. Son anda riskə gedib 3 xallıq fənd işlədərək onu yerə sərdim və əlavə zərbə sayəsində qələbəni təmin etdim. Finalda isə İran idmançısından güclü olduğumu sübut etdim".

Qələbəsində payı olanları da unutmayan qalib döyüşçü özünü xoşbəxt sayıb: "Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir. Səkkiz il bundan öncə, Birinci İslam Oyunlarının ən gənc iştirakçısı idim və 3-cü yeri tutmuşdum. İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medala qayıdacağam. Nə qədər ki, gücüm var, çalışacağam Azərbaycanımın bayrağını daim bax belə yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək Birinc Avropa Oyunlarınn qalibi olmaqdır. Öz vətənimdə xalqımı sevindirmək istəyirəm".

Rəfayel onu da qeyd edib ki, Azərbaycan dünya üzrə yüksək nəticələr göstərə biləcək komandaya sahibdir: "Bizim çox güclü komandamız var və təkcə islam dövlətləri deyil, bütün dünyada istənilən ölkəyə qalib gələ bilərik".

Ruhiyyə
AzNews.az