Boksçumuz Azərbaycana 4-cü medalı qazandırdı

XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan yığmasının 1 idmançısının medal alması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib – 9:4. Məmmədov 2-ci və 3-cü hissələrdə hakimin xəbərdarlıqları ilə təşəbbüsü əldən versə də (6:9, 4:6), yekunda qələbə qazanıb.

Boksçumuz bu uğura ilk raunddakı gözəl döyüşün nəticəsində nail olub. Belə ki, qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitib. Teymur isə əlavə göstəricilərə görə və hakimlərin rəyinə əsasən qalib elan olunub. Nəticədə, bununla da Məmmədov ən azı bürünc medalı özünə təmin edib. Boksçumuzdan öncə isə Azərbaycan millisi 1 gümüş və 2 bürünc medala sahib olub. Teymurdan fərqli, Londonda 1/8 finaldan yarışa qoşulan xanım boksçumuz Yelena Vıstropova uduzub. Onun rəqibi Edit Oqoke (Nigeriya) olub. Dünya çempionatında Azərbaycana ilk və yeganə gümüş medalı qazandıran təmsilçimiz ilk 2 hissədə eyni hesabla məğlubiyyətə uğrayıb – 2:4.

Bundan sonra döyüşündə dönüş yaradan Yelena üçüncü raundda xal fərqini 1 endisə də (11:12), yekunda 12:14 hesabı ilə uduzub. Məğlubiyyət isə boksçumuzun Olimpiadaya erkən vida etməsinə səbəb olub.Qeyd edək ki, Olimpiya Oyunlarında digər boksçumuz Məhəmmədrəsul Məcidov (+91) 1/4 finala görüşünə sabah çıxacaq.


AzNews.az