Guləşçilərimiz 24 medal qazandı - FOTO

2008-ci ildən başlayaraq hər il Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi Azərbaycanda keçirilir. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, bu il keçirilən turnirdə 33 ölkədən 400-ə qədər idmançı öz qüvvəsini sınayıb. Yığma komandalarımız öz inamlı çıxışları ilə yadda qalıb. Belə ki, hər üç növ güləş yığmaları 9 qızıl, 6 gümüş və 9 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 24 medal qazandırıb.

Yarışın ilk günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 5 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 10 medal qazanıblar. Bu son altı ildə analoji turnirdəən yüksək nəticə sayıla bilər. Qızıl medalları Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq) və Sabahi Sariat (120 kq) qazanıb. Orxan Əhmədov (55 kq) və Vitali Rəhimov (66 kq) gümüş medalla kifayətlənib. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq) və Şəhriyar Məmmədov (84 kq) bürünc medala layiq görülüblər.

Turnirin ikinci günü qadın güləşçiləri arasında qaliblər müəyyən olunub. 5 çəki dərəcəsində mübarizə aparan qadın güləşçilərimizdən yalnız Yuliya Ratkeviç (59 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Anjela Doroqan (48 kq) və Raqnetta Qurbanzadə (63 kq) turniri bürünc medalla yekunlaşdırıblar.

Yarışların son günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 11 medal qazanıb. Əhmədnəbi Qvarzatilov (60 kq), Həmzət Osmanov (84 kq) və Xetaq Qazyumov (96 kq) turnirin qızıl medalına sahib olub. Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Şərif Şərifov (96 kq) və Əli İsayev (120 kq) yanız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Ruslan Dibirhacıyev (66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) turniri bürünc medalla yekunlaşdırıb.

Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görərik ki, 2008-ci ildə 9 qızıl, 6 gümüş, 7 bürünc medal olmaqla 22 medal, 2009-cu ildə 5 qızıl, 4 gümüş, 11 bürünc medal olmaqla 20 medal, 2010-cu ildə 5 qızıl, 4 gümüş, 6 bürünc medal olmaqla 15 medal, 2011-ci ildə 9 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla 26 medal, 2012-ci ildə 5 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla 22 medal qazanılıb.

Son 6 ilin yekunlarına əsasən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində pəhləvanlarımız 42 qızıl, 32 gümüş və 55 bürünc medal olmaqla ümumilikdə 129 medal qazanıb.

AzNews.az
image description image description image description